“Mediaya yeni yanaşmanın qoyulması artıq öz müsbət təsirini göstərməyə başlayıb” — RƏYLƏR

MEDİA 25 iyn 2022, 22:30
Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm yüksək səviyyədədir. Hazırda ölkədə hər kəsin müstəqil fikir bildirmək, yürütmək, istənilən məsələyə mövqeyini sərgiləmək və hüquqlarını tələb etmək imkanı var. Təbii ki, bu proses dövlətin diqqət və qayğısı, yaradılan şərait nəticəsində yaranıb. Dövlətin müstəqil medianın inkişafına dəstəyi söz və fikir azadlığının inkişafına səbəb olub. 

Xatırladaq ki, cari ilin fevralın 8-də Prezident İlham Əliyev “Media haqqında” Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb. Bu qanun Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Təbii ki, bu qanun Azərbaycanda media islahatlarının “yol xəritəsi” kimi dəyərləndirilə bilər. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. Qanun müasir tələblərə cavab verir. Ölkənin plüralist informasiya mühitinin gücləndirilməsinə şərait yaradır.

“SƏS” İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev Demokrat.az-a açıqlamasında bildirdi ki, “Media haqqında” Qanun məhz dünya standartlarına uyğun, peşəkar, məsuliyyətli medianın inkişafına təkan verən mütərəqqi qanunvericilik aktıdır. O, qeyd edib ki, bu qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ açır:

“Həm media oqranlarının, həm də jurnalistlərin hüquqlarının daha yaxşı qorunması üçün bu çox vacibdir. Məsələn, qanunda nəzərdə tutulan məsələlərdən biri də bütün dünyada olduğu kimi, bizdə də Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunmasıdır. Bu, könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək. İndi ortalıqda 50 mindən artıq saxta jurnalist vəsiqəsi ilə dolaşan var ki, bu da medianı gözdən salmaqla yanaşı, cəmiyyətə də problem yaradır, reketçiliyə, dezinformasiyanın yayılmasına şərait yaradır. Ona görə də, əsl jurnalistlərin ümumi bir reyestrinin olması məqsədəuyğundur. Beləliklə, jurnalistlər nəqliyyatda güzəştli gediş haqqı, sosial ipoteka ilə mənzil ala bilmək hüququ, müxtəlif tədbirlərə, nümayişlərə pulsuz daxil olmaq kimi üstünlüklər qazanır. Bundan sonra media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək, media subyektlərinin bir-birilərindən xəbər “oğurlamaq” vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafı təşviq ediləcəkdir”.

B.Quliyev əlavə edib ki, ümumən media sektoruna yeni yanaşmanın qoyulması, bu sahəhə qanunvericiliyin təkmillləşdirilməsi, milli mediamızın fəaliyyətinin dünya standartlarında qurulması artıq öz müsbət təsirini göstərməyə başlayıb:

“Ona görə də, hesab edirəm ki, bəzi dairələrin ətrafında süni hay-küy qopardığı “Media haqqında” Qanunun heç bir mənfi tərəfi yoxdur. Tam əksinə, qanun bu sahədə qayda-qanun yaratmaq, mövcud xaosun və anarxiyanın qarşısını almaq, informasiya məkanının təmizliyinin və jurnalistikanın inkişafının təmin edilməsini şərtləndirir. Bu qanunun bütün müddəaları həyata keçirildikdən sonra media dövlət və cəmiyyət arasında öz funksiyasını daha layiqli yerinə yetirəcək. Cəmiyyətimizin və dövlətimizin maraq və mənafelərinin təmin olunmasına öz töhfəsini verəcəkdir. Son nəticədə həm dövlətimiz, həm cəmiyyətimiz qazanacaq. Göründüyü kimi, belə bir şəraitdə həm “Media haqqında” Qanunun, həm də Medianın İnkişafı Agentliyinin yaradılmasının və onun həyata keçirdiyi islahatların çox böyük əhəmiyyəti var. Dövlətimizin dünya təcrübəsi ilə milli ənənələri uzlaşdıraraq hər üç tərəfi (cəmiyyət, dövlət və media) qane edəcək optimal tənzimlənmə mexanizmi yaratma cəhdi təqdirəlayiqdir”.

“Editor.az” baş redaktoru Fərid Şahbazlı Demokrat.az-a açıqlamasında vurğulayıb ki, Azərbaycanda “KİV haqqında” Qanun uzun illər öncə qəbul olunmuşdu, artıq bu qanun müasir dövrün çağırışları ilə uzlaşmırdı. Müsahibimiz qeyd edib ki, sürətlə inkişaf edən dünya və sürətlə dəyişən media sektorunun fonunda yeni bir qanunun qəbuluna zərurət yaranmışdı:

“Təbii ki, müasir çağırışlara cavab verən “Media haqqında” Qanun Azərbaycan Respublikasında qəbul olundu. Qanunun qəbul prosesində bir çoxlarının iddia etdiyi kimi heç də qısamüddətli olmadı. Uzun müddət cəmiyyətin, media cameəsinin fərqli cəbhələrdə olan nümayəndələrinin iştirakı ilə keçən müzakirələrdən, mübahisələrdən, Milli Məclisdə ayrı-ayrı müddətlərdə baş tutan təqdimatlardan, ümumiyyətlə mediada, sosial şəbəkələrdə aparılan müzakirələrdən sonra bu qanun qəbul olundu. Qanunun qəbulu prosesində və müzakirələr mərhələsində media cameəsində ən radikal mövqeyi olan insanları belə görə bildik, onların fikirləri də eşidildi. Onlar belə Milli Məclisə müzakirələrə dəvət edildi. Çox təəssüf ki, Venesiya Komissiyasının rəyində belə bir iddia ortaya atılıb ki, bu qanun yalnız seçilmiş qruplara xitam olunur və onların rəyi nəzərə alınaraq qəbul olunub. Bununla, qətiyyən razılaşmaq mümkün deyil. Onsuz da bu Venesiya Komissiyasının rəyindən sonra Medianın İnkişafı Agentliyinin geniş şərhi və açıqlaması oldu. O şərhdə də açıq şəkildə göstərilir ki, bir çox məsələlərlə bağlı Media Agentliyinin açıqlamasından sonra Venesiya Komissiyasını öz rəyinə dəyişiklik etmişdir”.

Baş redaktor əlavə edib ki, “Media haqqında” Qanunda qətiyyən hansısa bir məhdudiyyətdən, məcburiyyətdən söhbət getmir:

“Burada əsas qabardılan məsələ jurnalistlərin reyestri məsələsidir ki, buna da dəfələrlə aydınlıq gətirilib ki, məsələ könüllü xarakter daşıyır. Reyestrə daxil olmaq istəməyən hər hansı jurnalist və ya media qurumunun fəaliyyətinə hansısa məhdudiyyətlərdən söhbət gedə bilməz. Hesab edirəm ki, “Media haqqında” Qanun daha çox medianın nüfuzunu artırmaq, müxtəlif obyektiv və subyektiv səbəblərdən nüfuzunu itirmiş Azərbaycan mediasının öz köhnə nüfuzuna  qaytarmaq, əsl jurnalistlərin, peşəkar jurnalistlərin əməyinə obyektiv və layiqincə qiymət verməyi hədəfləyən bir hüquqi bazadır, hüquqi qanunvericilik aktıdır. Orada əksini tapan bir sıra məqamlar sadəcə jurnalistikanın və jurnalistlərin fəaliyyətini dəstəkləmək, peşəkar media qurumlarının fəaliyyətinin daha çox diqqəti cəlb etməsi, daha çox dəyər qazanması üçün bir qanunvericilik bazasıdır. Şübhəsiz ki, bir qanun ortadadırsa, bir addım atılıbsa, buna müxtəlif yanaşmalar, baxışlar ola bilər. Bu da təbiidir, bütün demokratik cəmiyyətlərə xas xüsusiyyətdir”. 

“Amma, mən hesab edirəm ki, “Media haqqında” Qanun qətiyyən Azərbaycan mediasına hansısa məhdudiyyətlər, hansısa məcburiyyətlər gətirmir. Bu sadəcə medianın bir arealının jurnalistlərin sərhədlərin müəyyən edilməsi baxımından qanunvericilik aktıdır, dövlət sənədidir. Bu, çox önəmlidir. Bilirik ki, dünya və media sürətlə inkişaf edir. Hesab edirəm ki, bu reallıqlar fonunda “Media haqqında” Qanun həqiqətən də bu proseslərə qanuni mexanizmləri müəyyən etmək üçün kifayət qədər təkmil bir sənəddir”- deyə F.Şahbazlı fikirlərini yekunlaşdırıb. 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu - “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi”  

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top