Füzulidə qazilərlə görüş keçirildi — FOTOLAR

SOSİAL 25 iyn 2022, 15:52
Füzuli rayonunda 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə qazilərlə görüş keçirildi. 

Demokrat.az xəbər verir ki, görüş Füzuli Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Horadiz şəhərində yerləşən Telnar şadlıq sarayında təşkil olundu. Görüşdə Füzuli Rayon Icra Hakimiyyətinin Başçısı və Aparatın  əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun aktiv ictimaiyyət nümayəndələri və Füzuli rayonundan olan  400-ə yaxın qazi iştirak edirdi. 

Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Onlar Ulu Öndər Heydər Əliyevin  xatirəsini ehtiramla yad edərək abidəsi önünə tər çiçəklər düzdülər.

Daha sonra iştirakçılar Telnar şadlıq sarayında toplaşdılar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. 

Ulu Öndər Heydər Əliyevin torpaqlarımızın işğaldan azad ediləcəyi  ilə bağlı qətiyyətli çıxışlarından, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qazilərlə görüşlərindən hazırlanmış videomaterial böyük maraqla izləndi.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı Alı Alıyev iştirakçıları və onların timsalında bütün Azərbaycan xalqını 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə təbrik etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusunun qazandığı böyük Zəfərin tariximizə qəhrəmanlıq salnaməsi olaraq yazıldığını vurğulayan rayon rəhbəri həm də bu Zəfərin ordumuzun gücünün, dövlətimizin hərbi qüdrətinin əsil sübutu olduğunu diqqətə çatdırdı. Şəhid ailələrinin və qazilərin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bir daha vurğulayan Alı Alıyev bu qəbildən olan insanlara xüsusi həssaslıqla yanaşmağın hər bir  vətəndaşın mənəvi  borcu olduğunu bildirdi.

Daha sonra Vətən müharibəsində göstərdikləri şücaətlərə görə  Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş bir qrup qaziyə medallar təqdim olundu.

Tədbirdə çıxış edən qazilər onlara göstərilən diqqətə və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.

Tədbirin gedişində Füzuli Dram Teatrının kollektivinin və rayonun mədəniyyət müəssisələrinin hazırladığı bədii, musiqili  proqramı iştirakçılara nümayiş olundu. Tədbirdə bayram əhval-ruhiyəli şən musiqi nömrələri səsləndirildi.



Kərim
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top