“Deputatlar ancaq öz pullarının artırılmasına çalışırlar” — Partiya sədrindən SƏRT AÇIQLAMA

GÜNDƏM 22 iyn 2022, 12:17
Xəbər verdiyimiz kimi, "Deputatın statusu haqqında" Qanuna təklif edilən dəyişikliyə görə Milli Məclis üzvlərinin maaşının artırılması məsələsi gündəmdədir.

Məsələyə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Demokrat.az-a açıqlamasında bildirib ki, deputatların özlərinə bu cür “gün ağlaması” yolverilməz haldır.

“Ölkənin, xalqın, millətin belə bir acınacaqlı dövründə, yəni maaşların aşağı olması, ərzaq qiymətlərinin yuxarı qalxması, bazarın “od tutub, yanması”, qazilərimizin, şəhid ailələrimizin vəziyyətinin çətin olan bir ərəfəsində belə deyək ki, hörmətli deputatların bu cür özlərinə “gün ağlaması” yolverilməz haldır. Onların hərəsinin milyardları var, milyonları var. Yəni, bunlar düşünmürlər ki, özlərini yox, xalqı düşünməlidirlər və xalqla işləməlidilər? Bilməlidirlər ki, camaat acından “qırılır”. Bu deputatların özlərinin hər cür şəraitləri var. Qazilərə verilməyə pul tapılmır, həmçinin pensiya alanların pulu heç iki dərmanı almağa ödəmir, amma bunlar öz keflərindədirlər. Deputatlar ancaq öz pullarının daha da artırılmasına çalışırlar. Bunlar çox yolverilməz haldır. Ona görə ki, bu deputatların hamısı Ramiz Mehdiyevin deputat komandasıdır". 



“Bu komanda da hər an dövlət başçısına xəyanət edir, dövlət başçısının apardığı siyasətə zərbə vurur. Bunlar üzdə bir söz deyib, arxada başqa iş görənlərdir. İçində bir neçə nəfəri seçmək şərtilə, əksəriyyəti xəyanətlə məşğuldur. Dövlət başçısının əleyhinə harada qıcıqlandırıcı hallar var, ona yol verirlər. Bunların nələri əksikdir? Bu yaxınlarda Cavanşir Feyziyevi gördük ki, neçə milyardlarla Azərbaycan pullarını apardı xaricdə pis günə qoydu. Bütün bunlar əsas verir ki, biz bir daha düşünək ki, həqiqətən də Ramiz Mehdiyev  bu millətə, dövlətə xəyanət edib. Həm daxildə, həm xaricdə bunun qalan komandasının hamısı xəyanətlə məşğuldur. Məsələn qazilərə olan münasibəti görürsünüz. Bunlar kimin komandasıdır? Ramiz Mehdiyevin. Yəni, ”5-ci kolon” üzvlərinin təyin edilmiş deputat komandası bu gün xalqa xəyanət edir. Düşünürəm ki, bu, çox pis haldır. Buna yol vermək olmaz. İnanıram ki, qısa müddətdə hamılıqla cəzalarını alacaqlar,”- deyə partiya sədri əlavə edib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top