“Araqdan kasıblar, narkotikdən varlılar istifadə edir“ — Qalmaqallı sözlər

SOSİAL 21 iyn 2022, 00:16
Dünya ulduzlarının narkotikdən istifadəsi və hətta bir çoxlarının narkotik maddədən dünyasını dəyişməsi danılmazdır. Azərbaycanda da bəzən bəzi məşhurların adı bu mövzuda hallanır.

Sənəti ilə gündəmə gəlməyi bacaran şəxslər bu cür pis vərdişlərə niyə aludə olurlar? Bu onlara ilham verir, yoxsa “ulduz xəstəliyi”ndən irəli gəlir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Gülnarə Orucova qeyd edib ki, bu tip zərərli vərdişlər daha çox imkanlı şəxslər arasında geniş yayılır:

“Narkotik maddələrdən istifadə edən insanların çoxu kifayət qədər imkanlı insanlardır. Düzdür, istisnalar var, amma böyük əksəriyyət belədir.
Alkoqolizm bir qədər aşağı təbəqənin vərdişidir, amma narkotikdən istifadə kifayət qədər imkanı olan şəxslərin zərərli vərdişidir.

İnsan həyatda nədənsə həzz almalı, xoşbəxt  olmalıdır. Məsələn, insanın arzuları gerçəkləşəndə, yaxud əziyyəti dəyərləndiriləndə, bəhrəsini verəndə bundan həzz alır. Əziyyəti bahasına gəlir əldə etdikdə istədiklərini alır və onun istəkləri artıq bitir.

İnsan görür ki, nə istəyirsə, onu pulla satın ala bilir, istədiyi insanı, pul müqabilində olsa belə, əldə edə bilir və bundan sonra o daha çox həzz yaşamaq istəyir. Belə olan halda o daha çox həzzi narkotikdə görür, narkotik istifadəsi bir müddət ona həzz verir, sonra vərdişə çevrilir.

Bir dəfə jurnalda oxumuşdum ki, ərəb şeyxlərindən birinin övladı o qədər həzz yaşayır ki, onun həyatda həzz alacağı heç nə qalmır, məktub yazaraq bildirir ki, həyatda həzz alacaq başqa bir şey tapmadığım üçün damarlarımı kəsib, isti vannada uzanaraq ölümdən həzz almaq  istəyirəm.
İnsanın arzuları bitəndə, artıq hər şeyi əldə edə biləndə zərərli vərdişlərə meyilli olur. Bu zərərli vərdişlərdən sonra bəziləri müflis olur”.

Psixoloq qeyd edib ki, narkomaniya artıq məşhurlar arasında dəb halına gəlib:

“Normal psixologiya deyir ki, insan başqalarına kömək etməkdən, başqalarını doyurmaqdan belə həzz ala bilir. Amma nəfsinə sahib ola bilməyən, iradəsi zəif, sonradan görmüş insanlar narkotikdən həzz almağa çalışır. Necə ki, yeniyetmələr siqaret çəkməyi dəb olaraq görür, özlərini böyümüş kimi hiss edirsə, narkotik də belədir. Bu məhşurlar arasında sanki bir dəbdir. Artıq insanlar da bunu qəbul edir.

Bəzi ölkələrdə narkotikin satışı leqaldır və, bu, insanları cəlb edir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top