Vilyam Hacıyevin məhkəməsində ekspert rəyi ilə bağlı qalmaqal — Ekspertlər məhkəməyə çağırıldı

HADİSƏ 20 iyn 2022, 15:08
İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə Vilyam Hacıyevin vəkili Elmar Kərimov deyib ki, işdə ekspert rəyləri var. Həmin rəylər bir-birindən köçürülüb. 

Qeyd edib ki, ekspertlər rəy verməmişdən əvvəl tikinti sahələrinə baxış keçirməlidir: "Amma həmin sahələrə heç bir baxış keçirilməyib. Bu işdə rəy veriblər. Cəmil Musayevin dediyi sözlərlə rəy veriblər. Cəmil Musayev çox söz deyə bilərdi. Ekspertlər bu işdə baxış keçirib, rəy verməlidir. Bütün bunlar olmadan necə rəy veriblər?. Birinci vəsatətim ekspertlərin çağırılaraq məhkəmədə dindirilməsi ilə bağlıdır".

Qeyd edib ki, ehtimallara 1 milyon 900 min manatlıq sosial binaların tikintisi zamanı mənimsəməyə  maliyyə yoxlamasına rəy verilib: 

"Sənədlərdə isə 3 milyon 900 min manatlıq sənəd var. Mənimsəmə işi yerində araşdırılmalıdır, amma araşdırma yerində aparılmayıb. Ehtimallar əsasında, kiminsə dediyi sözlər əsasında ekspertlər rəy verib. Bu ciddi ittihamdır. Bu işdə ekspertlər ehtimallara rəy verməsi düzgün deyil. Bu işdə təkrar ekspertiza keçirilməlidir. Ehtimallara cəza vermək düzgün deyil".

Vəkil bildirib ki, məhkəməyə mütəxəssis dəvət olunmalıdır: "Həmin mütəxəssisə suallarım var. Öyrənmək istəyirəm ki, ehtimallara necə rəy verilə bilər".

Vəkil deyib ki, işdə rəy verənlərdən biri də ekspert Xəyyam İsgəndərov olub: "Ekspert rəy vermək üçün rayona ezamiyyətə getməli idi. Amma bununla bağlı ezamiyyət göndərişi olmayıb. Xəyyam İsgəndərovun məhkəmədə dindirilməsini istəyib. Yerində baxış keçirməsi ilə bağlı ona suallarım var. Ehtima olunan dəyərlə rəy verilib".

Vilyam Hacıyev deyib ki, vəkilini fikirləri ilə razıdır. Vilyam Hacıyev bildirib ki, vəkilini fikirləri ilə razıdır: "Ekspert hansısa gözətçidən soruşublar burada nə qədər yeyinti olub. Gözətçinin dediyi sözləri rəydə qeyd ediblər".

Hakim deyib ki, vəsatətə növbəti prosesdə münasibət bildiriləcək.

Vilyam Hacıyev deyib ki, vəkilini fikirləri ilə razıdır: "Ekspert hansısa gözətçidən soruşublar burada nə qədər yeyinti olub. Gözətçinin dediyi sözləri rəydə qeyd ediblər".

Növbəti proses iyunun 24-də davam edəcək.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Daha sonra o, həbs edilib.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsasılı şübhələr müəyyən olunub.

Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top