Laçın dəhlizi bağlanacaqmı? — ŞƏRH

QARABAĞ 19 iyn 2022, 16:47
Əgər Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasını təmin etməsə, Azərbaycan dövləti müəyyən adekvat addımlar atmaq hüququnu özündə saxlayır.

Bunu Modern.az-a açıqlamasında politoloq Ceyhun Əhmədli bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin manipulyativ davranışlarına baxmayaraq, Zəngəzur yolunun dəhliz statusuna sahib olduğu 10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu maddəsində aydın şəkildə təsbit olunub. Həmin sənəddə qeyd edilib ki, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir:

"Burada "maneəsiz hərəkət" həmin nəqliyyat yolunun eksteritoriallığını nəzərdə tutur. Bu isə o anlama gəlir ki, Zəngəzur yolunun üzərində Ermənistanın hər hansı nəzarətindən söhbət gedə bilməz. Başqa sözlə, nəzərdə tutulan hüquqi rejim Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yolun məhz dəhliz statusuna sahib olduğunu göstərir".



Politoloq vurğulayıb ki, Ermənistanın Zəngəzur dəhlizini açmaqdan boyun qaçırması 10 noyabr tarixli üçtərəfli bəyanatın müvafiq maddəsinin kobud şəkildə pozulması deməkdir:

"Azərbaycan dövləti təmkin nümayiş etdirərək il yarımdır ki, qarşı tərəfin Zəngəzur dəhlizilə bağlı adekvat addımlar atacağını gözləyir. Biz əbədiyyən ermənilərin nazı ilə oynamayacağıq. Bizim də səbrimizin tükənən məqamı var. Əgər Ermənistan tərəfi Zəngəzur dəhlizini açmaqdan imtina etsə, Azərbaycan da Laçın dəhlizinin hüquqi rejimini yenidən nəzərdən keçirmək məsələsini gündəmə gətirə bilər. Yəni Laçın dəhlizi üzərində Azərbaycanın müvafiq dövlət qurumlarının nəzarət-keçid məntəqələri yerləşdirilə bilər. Bununla da ermənilər hər iki istiqamət üzrə Azərbaycanın müvafiq qurumlarının nəzarəti altında hərəkət etmək məcburiyyətində qalacaqlar. Bir sözlə, Zəngəzur və Laçın dəhlizləri üzərində eyni hüquqi rejim tətbiq olunmalıdır. Ermənistan tərəfi bunu indidən nəzərə almalıdır. Yoxsa gec olacaq".

Qeyd edək ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatında öz əksini tapıb. 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatda da Zəngəzur dəhlizinin istifadəyə verilməsinə razılıq ifadə olunub. Lakin Ermənistan tərəfi 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Zəngəzur dəhlizinin açılması istiqamətində səy göstərmir, zaman-zaman ziddiyyətli mövqe nümayiş etdirir. 

 

İrəvan hakimiyyətinin destrukriv siyasəti Azərbaycanda dəhlizlə bağlı sərt addımların atılması imkanlarını gündəmə gətirir. Siyasi müzakirələrdə Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizinin ermənilərin istifadəsinə bağlanması təklifi irəli sürülür. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top