Fransada erməni təxribatı ilə bağlı Azərbaycan səfirliyindən AÇIQLAMA​ (FOTOLAR)​​​​​​

GÜNDƏM 17 iyn 2022, 15:45
Xəbər verdiyimiz kimi, Fransanın paytaxtı Parisdə bir qrup erməni Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edib. Ermənilər Parisdə “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar.

Demokrat.az xəbər verir ki, Azərbaycanın Fransadakı Səfirliyi hadisə ilə bağlı rəsmi məlumat yayıb.

“Azərbaycanın Fransadakı Səfirliyi tərəfindən “Şuşa İli” çərçivəsində hazırlanmış Qarabağla bağlı filmin nümayişi zamanı ermənilər təxribat törətməyə çalışmışdır. “Şuşa İli” çərçivəsində 16 iyun 2022-ci il tarixində Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə Fransada fəaliyyət göstərən “ERE TV” telekanalının hazırladığı Qarabağ və Şuşa ilə bağlı “Qarabağa gedən yol” adlı filmin ilkin nümayişi baş tutmuşdur. Sözügedən filmin çəkilişləri cari ilin yanvar ayında Səfirlik tərəfindən təşkil olunmuş telekanalın ölkəmizin işğaldan azad olunmuş ərazilərinə səfəri zamanı baş tutmuşdur.

Filmin nümayişi zamanı Fransada yaşayan erməni diasporunun radikal nümayəndələri, aktiv təxribatçı fəaliyyəti ilə tanınan FRA Nor Seround assosiasiyasının bir qrup üzvü Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edərək filmin nümayişinə mane olmağa çalışmışdır. Onlar “Şuşa Azərbaycan deyil”,”Qarabağ bizimdir” kimi təxribatçı şüarlar səsləndirmiş, Mədəniyyət Mərkəzinin binasına zərər vurmağa çalışmışdır.

Səfirlik tərəfindən fransız polisinə müraciət edilmiş və onların bu cəhdlərinin qarşısı alınmışdır. Fransız polisi təxribatçı dəstənin əsas üzvünü saxlamışdır. Qeyd olunmalıdır ki, Fransada fəaliyyət göstərən FRA Nor Seround təşkilatı Daşnaksütyun partiyasının davamçıları hesab olunur.
Erməni təxribatçılarının cəhdlərinə baxmayaraq, “Qarabağa gedən yol” adlı filmin ilkin nümayişi uğurla baş tutmuş, film Fransa ictimaiyyətinin böyük marağına səbəb olmuşdur. Sözügedən film iyun ayının sonunda “ERE TV” telekanalında yayımlanacaqdır”.



Aynurə  Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top