Tural Abbaslı: “Azərbaycanda 3-5 məktəbin rusdilli olması problem deyil”

GÜNDƏM 15 iyn 2022, 17:05
Təhsil naziri Emin Əmrullayev  AzTV-də yayımlanan “Hədəf” verilişində çıxışı zamanı rusdilli məktəblərin bağlanması ilə bağlı sualı cavablandırıb. O qeyd edib ki, bu məsələ gündəmdə deyil: “Hazırda Azərbaycanda hər iki dildə təhsil var. Rusdilli məktəblərin bağlanması müzakirə mövzusu deyil”.

Məsələyə münasibət bildirən Ağ Partiyanın sədri Tural Abbaslı Demokrat.az-a açıqlamasında bildirib ki, ölkəmizdə rusdilli məktəblərin sayı dəfələrlə azaldılmalıdır. Partiya sədri qeyd edib ki, Azərbaycanda 3-5 məktəbin rus dilli olması problem deyil, ancaq məktəblərin 30-40 faizinin rus dilində olması təbii ki, yolverilməzdir:

“Çünki Azərbaycanda o qədər rusdilli əhali belə yoxdur. Biz əslində ideoloji baxımdan tək rus dili öyrətmirik, bütün təhsil rus dilində gedir və dolayısıyla insan rus düşüncə tərzinə uyğun böyüyür. Təbii ki, müraciət elədiyi ədəbiyyat rus ədəbiyyatı olur, oxuduğu qəzet rus qəzeti olur, baxdığı kanallar rus kanalları olur. Bununla da, biz milli-ideolojidən kənarda bir təbəqə böyüdürük. Və bu təbəqə gələcəkdə dövlət başına gələcək, gələcəkdə dövlətin, millətin taleyini həll edəcək, qərarlar veriləcək. Odur ki, müzakir olunmur deməklə, müzakirə bitmir. Əgər bu məsələ ictimaiyyət arasında müzakirə olunursa, Təhsil Nazirliyində də müzakirə edilməlidir, bu məsələ ictimai müzakirəyə çıxarılmalıdır və say kəskin şəkildə azaldılmalıdır”. 

T.Abbaslı əlavə edib ki,  digər ölkələrdə müxtəlif dillərə münasibət necədirsə, bizdə də rus dilinə elə münasibət olmalıdır:

“Yəni, ingilis, alman, fransız dilinə olan münasibət necədirsə, rus dilinə də elə olmalıdır. Ruslar hansı məziyyətinə görə ayrı bir dil və ya etnos kimi fərqləniblər ki, onların ayrıca dillərində onlarla, yüzlərlə məktəb olsun. Mən ümumiyyətlə rus dilli məktəblərin tam ləğv olunsun demirəm, rus dili dərsinin də digər fənlər kimi keçirilməsinin də əleyhinə deyiləm”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top