Evlərin qiyməti nə vaxtdan ucuzlaşacaq? — AÇIQLAMA

SOSİAL 13 iyn 2022, 19:50
Bakıda daşınmaz əmlak qiymətlərində artım hamıda müəyyən təəccüb doğurur. Çünki gündəlik tələbat mallarının qiymətində artıma məntiqli izah var. Bu, bütün dünyada baş verən qlobal inflyasiya və Ukraynadakı müharibə ilə əlaqələndirilir. Lakin evlərin bahalaşması üçün zahirən səbəb görünmür. Çünki xaricdən ölkəyə valyuta axını azalıb, əhalinin gəlirlərində də artım yoxdur, əksinə, azalma var.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov qeyd edib ki, daşınmaz əmlakın qiymətində artım bütün dünyada müşahidə edilir:

“Bu bütün dünyada gedən prosesdir, təkcə Azərbaycana aid deyil. Neft birjalarında artıq qiymətlər 124 dolların üstündədir. Ərzaq, qeyri-ərzaq malları da yanacaqla bağlı olduğundan onların qiymətində də artım müşahidə olunur. Təkcə yanacağın deyil, qızılın və birjalarda alqı-satqı predmeti olan digər məhsulların qiyməti artır. Bu halda daşınmaz əmlakın da qiymətinin artımı qaçılmazdır”.

Ekspertin sözlərinə görə, bu cür artımın qarşısının gələn il alınacağı gözlənilir:

“Artıq iri maliyyə həcminə malik ölkələr inflyasiyanı boğmaq üçün bu həftə müəyyən qərarlar qəbul edəcəklər. Ola bilsin ki, kredit faizlərinin artımı barədə qərarlar qəbul olunsun. Bu il mümkün olmasa da, gələn il tədricən bu artımın qarşısı alınacaq. O cümlədən daşınmaz əmlak bazarında da qiymətlərin azalacağı gözlənilir. 

Gündəlik tələbat mallarının qiymətindəki artımın qarşısını almaq olmur, amma elə şeylər var ki, vətəndaş onu bu gün almasa da olar, onlardan biri də məhz daşınmaz əmlakdır. Amma qəndin, çörəyin, şəkər tozunun qiyməti günbəgün artır, çünki onların hər gün alınması mütləqdir. Yəqin ki, gələn ilə daşınmaz əmlakdakı qiymət artımının qarşısı alınar”.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top