“Heydər Əliyevin anadan olduğu gün hər kəs bir ağac əkə bilər” — Sərdar Cəlaloğlu

SOSİAL 08 iyn 2022, 19:36
Bülbül prospektində, piyada yolunun sökülməsi və ağacın kəsilməsi ilə inşa edilən parkinq ətrafında olduqca maraqlı hadisələr yaşandı. Məsələ birbaşa Prezidentin diqqətində olduğu üçün dərhal parkinq söküldü, piyada yolu bərpa edildi. Araşdırmalar zamanı məlum oldu ki, qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.

Məsələyə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADR) sədri Sərdar Cəlaloğlu Demokrat.az-a açıqlamasında bildirib ki, özbaşına ağac kəsib və yaşıllığı məhv edən şəxslər ilk növbədə ağır cəzalandırılmalıdır: “Azərbaycanda demək olar ki, yaşıllıqların həcmi dünya standartlarından çox-çox aşağıdır. Ona görə də, Birləşmiş Millətlər Təşkilatı Azərbaycanda yaşıllıq zonaları yaratmaqla bağlı hətta maliyyə yardımı edir, müəyyən proqramları həyata keçirir. Azərbaycan xalqı da, dövləti də Azərbaycanın yaşıllaşdırılması ilə bağlı ciddi şəkildə məşğul olmalıdır. Söhbət hansısa bir parkda 10-15 ağacın kəsilməsindən getmir. Azərbaycanda min hektarlarla meşə zolaqları salınmalıdır. Bu, həm flora və faunanın inkişafı üçün vacibdir. Həm də müxtəlif çöl heyvanlarının, çöl quşlarının Azərbaycanda qışlaması, yaşaması üçün mühümdür. Bundan başqa, torpağın eroziyasının, qarşısının alınması, su ehtiyatlarının qorunması, hərbi vəziyyətdə konstrusiya məqsədilə meşələrin çox mühüm rolu var. Bu baxımdan Azərbaycanda hökumət ciddi yaşıllaşdırma proqramı həyata keçirməlidir. Təbii ki, özbaşına yaşıllığa ziyan vuran, bu və ya başqa şeydə öz maddi maraqlar naminə ictimai maraqlara zidd addım atanlara qarşı ciddi tədbirlər görülməlidir. Vaxtilə Heydər Əliyev deyirdi ki, “hər bir ağac mənim bir qolumdur, ağacı kəsən mənim qolumu kəsir”.

“Yəni, burada kimsə gəlib özbaşına ağac kəsibsə, yaşıllığı məhv edibsə birinci növbədə ağır cəzalandırılmalıdır, ikinci növbədə yaşıllığa vurduğu ziyan elə onun özü tərəfindən 10-15 qat ödənilməlidir. Hökumət yer ayırmalıdır və orada min dənə ağac əkib, hökumətə təhvil verməlidir. Yəni, yalnız cəza verməklə iş bitmir. Yaşıllıqların bərpası, yaşıllıq zonaların genişləndirilməsi vacibdir”. S.Cəlaloğlu vurğulayıb ki, çox təəssüf ki, Bakıda çox nəhəng parklar yoxdur:

“Dünyanın bütün böyük ölkələrində Londonda, Parisdə, Berlində böyük parklar var ki, minlərlə insan o yaşıllıqların arasında istirahət edə bilir. Azərbaycanda bu məsələ həddən artıq məhduddur. Böyük parklarımız heç 1-2 hektar deyil. Ona görə, Bakının müxtəlif yerlərində nəhəng parklar salmaq lazımdır. Xüsusən son illər yeni binaların tikilməsi alqışlansa da, bu binalar elə tikilib ki, bir qarışda olsun yaşıllığa yer qoyulmur. Halbuki, həmin binaların əhalisinin sayı nəzərə alınmaqla orada hektarla yaşıllıq zonaları yaradılmalıdır. Azərbaycanda yaşıllıqla bağlı ümumiyyətlə hökumətin siyasəti yalnışdır, qənaətbəxş deyil. Eyni zamanda, ölkədə yaşıllaşdırmanın əhəmiyyəti ilə bağlı dövlət səviyyəsində lazımi təbliğat aparılmır, təşviqat işləri aparılmır. Hər il Heydər Əliyevin anadan olduğu gün Azərbaycanın hər bir yerində hər kəs bir ağac əkə bilər. Müxtəlif bu adlar adı altında yaşıllaşdırma kampaniyaları həyata keçirilməlidir. Məsələn bəzi ölkələrdə orta məktəbə gedən uşaqlar hər sinifə keçəndə bir ağac əkir və 10-cu sinifi qurtaranda artıq 10 dənə ağaca qulluq edir, həm də böyüdür. Özü məktəbi qurtarandan sonra 10 dənə ağacı cəmiyyətə təhvil verir. Bu cürə müxtəlif adətlər həyata keçirmək lazımdır. Qardaş Türkiyədə baxmayaraq ki, yaşıllıq bizim Azərbaycandan qat-qat çoxdur, hər il Ərdoğan müxtəlif təşəbbüslə milyonlarla ağacın əkilməsi kampaniyasını həyata keçirir. Biz digər dövlətlərin də təcrübəsindən istifadə etməliyik və Azərbaycanda çox ciddi yaşıllaşdırma işi aparmalıyıq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top