Uğurlu enerji siyasətinin nəticəsi bugünkü inkişafımızdır

GÜNDƏM 04 iyn 2022, 11:32
Məlum olduğu kimi, Prezident İlham Əliyevin iştirakı ilə Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirildi.

Xəzər regionunda neft-qaz sahəsinin və enerji sektorunun ən mötəbər tədbiri olan Bakı Enerji Həftəsi 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji Sərgisini və Xəzər Neft və Qaz Konfransının xələfi olan Bakı Enerji Forumunu özündə birləşdirir.

Xəzər Neft və Qaz sərgilərinin keçirilməsi ölkəyə diqqəti yönəltmək və sərmayələr cəlb etmək baxımından mühüm əhəmiyyət kəsb edirdi. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi. Ötən illər ərzində böyük uğurlara imza atan ölkəmiz bir sıra qlobal enerji layihələrinin müəllifi olub. Uğurla həyata keçirilən enerji siyasəti nəticəsində Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli aktorlardan birinə çevrilib. Ölkəmiz neft-qaz sahəsində dünyada sayılan ölkələrdəndir. Bu isə bir daha Azərbaycanın neft strategiyasının düzgün seçildiyini təsdiqləyən faktdır.

Əməkdaşlığa, qarşılıqlı faydaya əsaslanan enerji siyasəti nəticəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu artıb. Dünyada cərəyan edən proseslər fonunda Avropa ölkələrinin Azərbaycanın enerji ehtiyatlarına olan marağı daha da artıb. Bu isə Azərbaycanın müəllifi olduğu layihələrin əhəmiyyətini daha da artırıb. Bu baxımdan Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Layihə “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Cəmi bir il beş aydır ki, Azərbaycan tamamilə yeni müasir infrastrukturdan istifadə edərək öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Amma ixracı artırmaq üçün bir sıra amillərin nəzər alınması vacibdir. Belə ki, potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün yeni müqavilələr imzalanmalıdır. Eyni zamanda, mövcud qurğular genişləndirilməlidir. Azərbaycan özünün tranzit imkanlarını da genişləndirir. Dəniz limanı, bütün istiqamətlərlə bizi birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları mövcuddur. Azad olunmuş ərazilərdə üç yeni hava limanı olacaq. Onlardan biri artıq istifadə verilib. Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq.

Bir məqamı da qeyd edək ki, neft və qaz sahəsində BP Azərbaycanın strateji tərəfdaşı və aparıcı investorudur. Hazırda SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir.

Enerji amili, enerji diplomatiyası və bütün layihələr bizim iqtisadi potensialımızı gücləndirir, bizə imkan yaradır ki, cəsarətli islahatlarla yanaşı, neft-qaz sektorundan əldə etdiyimiz gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilsin.

Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol böyük əhəmiyyət kəsb edir. Bütün bunlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji siyasətinin uğurlu nəticəsidir.

Allahverdi Həsənli,
Xətai rayon, Əhmədli bələdiyyəsini sədri (ikisahil.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top