Asim Mollazadə: “Qarabağ bölgəsi ciddi kommunikasiya mərkəzinə çevriləcək”

GÜNDƏM 27 may 2022, 16:14
“Zəngilanın iqtisadi inkişafı üçün nəqliyyat şəbəkəsinin qurulması vacibdir”.

Bunu Demokrat.az-a Milli Məclisin Təbii ehtiyatlar energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə Zəngilanda inşa olunacaq yeni hava limanının əhəmiyyətindən danışarkən deyib. Komitə sədri bildirib ki, nəqliyyat infrastrukturu bölgənin inkişafında böyük rol oynayacaq və bu baxımdan Zəngilanda hava limanının inşa edilməsi strateji əhəmiyyət daşıyır:

“Ümumiyyətlə, Zəngilan və Şərqi Zəngəzur bölgəsinin ölkəmiz üçün həm turizm nöqteyi nəzərdən, həm də kənd təsərrüfatı istiqamətində çox böyük əhəmiyyəti var. Bilirsiniz ki, burada “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələri də həyata keçiriləcək ki, bu da çox mühüm bir məsələdir. Qeyd edim ki, həm Zəngilanda, həm Füzulidə, həm də Laçında hava limanı şəbəkəsinin genişləndirilməsi çox önəmlidir. Ümumiyyətlə, Qarabağ Zəngəzur bölgəsi ilə birlikdə nəqliyyat sisteminin tərkib hissəsinə inteqrasiya olacaq”.

Deputat hesab edir ki, hava limanlarının tikintisi Qarabağ bölgəsinin inkişafı baxımından da vacibdir:

“Bu gün işğaldan azad olunmuş bölgələrimizdə avtomobil yolları, dəmir yolu və s. bütün nəqliyyat sistemləri qurulmaqdadır. Qarabağı dünyaya birləşdirmək üçün kommunikasiya sistemlərinin formalaşdırmaq qarşımızda duran ən vacib məsələlərdən biridir. Əminəm ki, gələn il də inşallah Laçın Hava Limanı hazır olacaq və bu sistemin formalaşması da həm turizm nöqteyi, həm iqtisadi əlaqələri genişləndirməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Çünki bununla Qarabağ bölgəsi ciddi kommunikasiya mərkəzinə çevriləcək. Beləliklə, bölgənin inkişafı Azərbaycanın inkişafı üçün alternativ istiqamət olacaq”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top