Qarabağda Azərbaycan tərəfdə döyüşmüş rus general Ukraynaya təcavüzdən danışdı…

GÜNDƏM 27 may 2022, 10:57
Rusiya Dövlət Duması Vətəndaş Cəmiyyətinin İnkişafı Komitəsinin sədr müavini general-polkovnik Vladimir Şamanov bildirib ki, Rusiya ordusunun səhvlərindən biri onun Ukraynada "çiçəklərlə qarşılanacağını" gözləməsi olub, lakin bu komponent artıq aradan qaldırılıb.
 

Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, Hava-Desant Qüvvələrinin keçmiş komandanı olan general  bu barədə "YouTube"-də jurnalist Oksana Kravtsovaya müsahibəsində danışıb.
 
Şamanovun qeyd etdiyi kimi, Ukraynada sovet dövründən indiyədək bir çox hərbi universitetlər qorunub saxlanılıb, onlar demək olar ki, hər bir regionda mövcuddur. Onun sözlərinə görə, məhz  bu amil ölkədə “ordunun dirçəlişinin əsası” adlandırılan məktəbi qoruyub saxlamağa imkan verib.
 
“Ona görə də bəzilərinin bizim [Ukraynada] gül-çiçəklə qarşılanacağımızı gözləməsi  xüsusi əməliyyatın ilk beş günündə çox kəskin hiss etdiyimiz əsas səhvlərdən biridir. Bu gün biz artıq bu komponentin öhdəsindən gəlmişik, lakin hələ görüləsi çox işlər var”, - deyə general-polkovnik bildirib.
 


"Xüsusi əməliyyatdan sonra Ukraynanı nə gözlədiyini indi proqnozlaşdırmaq çətindir", deyə o, sözlərinə davam edib. Şamanovun fikrincə, ölkənin “denasifikasiyası” ilə paralel olaraq “demilitarizasiyası” 5-10 il çəkə bilər. O, həmçinin Ukraynada “özünü bu neonasistlərlə ləkələməmiş hökumət qurmaq çətin olacağ”ını da deyib.
 
"Bu iki şərt yerinə yetirilməsə, Rusiyanın Ukraynaya ehtiyacı olmayacaq", - deyə Şamanov Ukraynanı Rusiyanın bir hissəsi kimi görüb-görmədiyi sualına cavabında bildirib.
 
Xatırladaq ki,  general V. Şamanov 1990-1994-cü illərdə SSRİ-nin Gəncədə yerləşən 104-cü hava-desant diviziyasının 328-ci hərbi desant alayına komandirlik edib. Bu alay 1993-cü ildə Gəncədən çıxarılıb. Şamanov həmçinin I Qarabağ savaşında  müəyyən miqdarda pul və hədiyyələr müqabilində  Azərbaycanın tərəfində vuruşub. Onun dəstəyi 1992-ci ildə Azərbaycan ordusunun həyata keçirdiyi Goranboy əməliyyatında da ciddi rol oynayıb.
 
Qarabağdan sonra general Rusiya ordusunun hər iki Çeçenistan və 1999-cu ildə baş tutan Dağıstan əməliyyatlarında da iştirak edib. Şamanov 2008-ci ilin avqustunda Gürcüstana təcavüzün də əsas iştirakçılardan biri hesab edilir. Abxaziyadan Gürcüstan ordusunun çıxarılmasını nəzərdə tutan Kodor dərəsi əməliyyatı məhz onun rəhbərliyi altında keçirilib. Bu əməliyyatdan bir il sonra isə V.Şamanov Rusiya Hava Desant Qüvvələrinə rəhbər gətirilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top