Ekspert: “Bu gün avtomobillə bağlı gömrük rüsumları həddindən artıq şişirdilib”

SOSİAL 25 may 2022, 19:29
Azərbaycanın avtomobil parkı yenilənəcək. Köhnə və istismar müddətini başa vuran avtomobillər utilizasiyaya göndəriləcək. Bunun əvəzində isə vətəndaşların yeni avtomobillər almaları üçün təşviqat işləri aparılacaq. Azərbaycanda köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bir neçə dövlət qurumu tərəfindən birgə layihənin hazırlandığı bildirilib. Qeyd olunub ki, istismar müddətini başa vuran, ekoloji təhlükə hesab edilən nəqliyyat vasitəsini utilizasiyaya göndərən avtomobil sahiblərinə pul vəsaiti veriləcək və ya digər güzəştlər tətbiq ediləcək.
 
Məsələyə münasibət bildirən nəqliyyat eksperti Fərid Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, bu proses çox əhəmiyyətlidir. Ekspert qeyd edib ki, bəzi ölkələrdə bu qanunla tənzimlənir və ciddi şəkildə tələb olunur:

“Avropa İttifaqının 1997-ci ildən bununla bağlı qərarı var. Orada çox ciddi şəkildə belə şeylərə önəm verirlər və həyata keçirirlər. Daim ömrü bitmiş avtomobillərin utilizasiyası ilə məşğuldurlar. Qeyd edim ki, avtomobilin ümumi ömrü bitsə də, onun bəzi hissələrinin ömrü bitmir. Məsələn onun metalını, rezinlərini yenidən istifadə etmək olur. Yəni, bir çox detallarını materiallar olaraq əridib yenidən detal halına salmaq mümkündür. Amerika Birləşmiş Ştatlarında, Kanadada, Yeni Zelandiyada, Avstraliyada   və s. bu kimi bütün sivil ölkələrdə bunlar qanunla tənzimlənir. Bizim hökumət bunu etmək üçün nə etməlidir? Əvvəla, bunun üçün hansısa müvafif formada qanunvericilik olmalıdır. Amma bu qanunvericiliyi parlamentdə bu sahədən başı çıxmayan deputatlarla etmək lazım deyil. Normal sivil ölkələrin nümunələrini götürmək lazımdır və ehtiyac varsa yerli və xarici ekspertləri də dəvət etmək lazımdır. Digər məsələ isə dövlət gömrük rüsumlarına ciddi və yenidən baxmalıdır. Bu gün avtomobillə bağlı gömrük rüsumları həddindən artıq şişirdilib”.

 F.Hüseynov qeyd edib ki, bu gün ölkəmizdə bir milyona yaxın maşının yarısı demək olar ki, ömrünü bitirmiş maşınlardır:


“Normal ölkələrdə bu cür maşınlar onlar sürülmür. Avropa İttifaqında ömrü bitmiş maşınları utilizasiyaya vermirsə və həmin avtomobil ekoloji normala cavab vermirsə, o ölkədən çıxmalıdır və onun sahibi yüksək vergi ödəyir. Son 3 ildir ki, bizim alverçilər Avropa İttifaqı ərazisindən ölmüş “Opel Astra”ları, “Toyota Corolla”ları, yəni köhnə dizel maşınlarını parta-part Azərbaycan daşıyırlar. ABŞ-dan vurulmuş, dağılmış, ölmüş minlərlərlə nəqliyyat vasitələrini ölkəyə gətirirlər. Həmin maşınların da günlərlə qəza etdiyini görürük. Əgər o qəzaların yarısı sürücü tərəfdəndisə, 10-15 faizi də maşının texniki nasazlığına görədir. Bu kimi maşınlar yollarda ciddi təhlükədir. Ona görə də, normal avtomobillərin ölkəyə gəlməsi üçün hər şeydən qabaq gömrük rüsumları normala slaınmalıdır, anormal şəkildə şişmiş gömrük rüsumlarımız var. Bizdə gömrük rüsumları o qədərə qaldırılıb ki, insanların təzə maşın almağa gücü çatmır. Nəzərə alsaq ki, real inflyasiya 20 faizi keçib artıq və hər şeyin qiyməti sürətlə qalxır. Vətəndaş da məcburdur ki, 12 min manata ömrünü bitirmiş avtomobillər alsın”. 

“Digər tərəfdən utilizasiya ilə bağlı normal, işlək mexanizmlərlə tənzimlənən qanunlar olmalıdır. Sadəcə kağız üstündə qalan qanunlar yox. Bundan başqa, utilizasiyaya görə vətəndaşlara ciddi  normal məbləğdə ödənişlər edilməlidir ki, vətəndaş yeni avtomobil ala bilsin. Yəni, dövlət əgər 10 min manat verirsə, yenə vətəndaş gedib ölmüş maşın alacaq.Bundan başqa, ölkədə rəsmi dilerlərə ciddi güzəştlər verməlidir. Əgər yuxarıda sadaladıqlarım öz həllini taparsa, o zaman hər bir kəs təzə maşın almaqda və köhnə maşınını utilizasiyaya verməkdə maraqlı olacaq. Açığı, inanmıram ki, bu kimi güzəştlər edilsin. Gətirib 3-5 min manat pul verəcəklər və deyəcəklər ki, sizə güzəşt “Xəzər” avtomibillərinədir. Əgər bu tip qərarlar veriləcəksə, əlbəttə ki, bu mexanizm işləməyəcək”. 

Ekspert qeyd edib ki, iş adamlarına utilizasiya üçün şərait yaradılmalıdır:

“Utilizasiya prosesi  qanuni formada aparılmalıdır, yəni avtomobilin qanuni sökülmə forması var. Necə gəldi avtomobili əraziyə tulayaq başlayaq dağıtmağa. Bu, qanuni utilizasiya deyil. Bunun üçün xüsusi avadanlıqlar var. Həmin avadanlıqlar Azərbaycanda olmalıdır. Ümumiyyətlə, tərəfdarıyam ki, dövlət buna şərait yaratsın və iş adamlarının da marağı olsun ki, bu avadanlıqları gətirib ölkədə quraşdırsınlar.  Vaxtı bitmiş avtomobillərin utilizasiya məşğul olan şirkətlər də hansısa məbləğdə pul qazansınlar. Yəni, gömrük haqqı, ərazi tutulması bunlar hamısı yatırımdır. Buna görə də, dövlət tərəfindən bu istiqamətdə iş adamlarına ciddi dəstəyin göstərilməsinə ehtiyac var”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top