“Bu gün Türkiyə və Azərbaycan istənilən təzyiqə müqavimət göstərməyi bacaran güclü dövlətlərdir” — Politoloq

GÜNDƏM 25 may 2022, 15:52
Türkiyənin Hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım ötən gün çıxışı zamanı çox vacib bir məqama toxunub. Belə ki, o “Vaxtilə keçmiş Prezident Əbülfəz Elçibəy 4 helikopter istəyəndə göndərə bilmədik. Amma Türkiyə bu gün Azərbaycan Prezidentinə “Qarabağ məsələsində yanınızdayıq” deyə bildirib” deyib. 

Məsələyə münasibət bildirən politoloq Turan Rzayev Demokrat.az-a açıqlamasında bildirib ki, Binəli Yıldırım yaxın tarixdən misal gətirərək əslində Türkiyə-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsini, eyni zamanda iki qardaş ölkə münasibətlərinin bundan sonrakı mərhələsinə eyham vurur: 

“Ötən əsrin 90-cı illərinin birinci yarısı həqiqətən də Azərbaycan üçün ağır siyasi proseslər ilə yadda qaldı. Daxili və xarici siyasətdən tutmuş, ordu quruculuğundakı ciddi səhvlər ölkəni məhv olmağın ərəfəsinə gətirmişdi. 1993-cü ildə Kəlbəcər işğal olunarkən Azərbaycanın həmin dövrdə prezidenti olan Əbülfəz Elçibəy Türkiyə lideri Süleyman Dəmirəldən iki mülki helikopter istədiyini, ancaq NATO-nun razılığı olmadığı üçün Türkiyənin mülki helikopterləri verə bilmədiyini bildirmişdi.



Bu hadisə iki ölkə münasibətlərinin tarixi baxımından mənfi bir hadisə olsa da hesab edirəm Binəli Yıldırımın da dediyi kimi, Türkiyə bu gün Azərbaycan Prezidentinə “Qarabağ məsələsində yanınızdayıq” deyə bilir. 44 günlük müharibə dövründə Azərbaycanın haqq işində onun yanında bütün gücü ilə olan yeganə ölkə məhz Türkiyə oldu. Ermənistan ilə cəbhədə döyüşlər getdiyi bir zamanda Türkiyənin siyasi diplomatik dəstəyi xarici təzyiqlərin neytrallaşmasında mühüm töhfə oldu. Təsadüfi deyil ki, 44 günlük müharibə sonrası Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsinə çatdı. Hətta mən deyərdim tarix boyu Türkiyə və Azərbaycan heç vaxt bu qədər bir-birinə yaxın olmayıb”. 

“Vaxtilə Ermənistanın törətdiyi soyqırımından azərbaycanlı mülki əhalini xilas etmək istəyən Azərbaycana Türkiyə yardım əlini uzada bilmədi, amma indi Türkiyə tam Azərbaycanın yanındadır, ölkələrimiz arasında qarşılıqlı dəstək potensialı tam realizə olunur. Bu gün tarixi, mədəniyyət və digər əsaslarla yanaşı, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayib Ərdoğanın yürütdüyü siyasət iki qardaş ölkə arasında münasibətlərin ən yüksək zirvəyə qalxmasını şərtləndirən əsas amildir. Misal üçün bu yaxınlarda Rize-Artvin Hava Limanının iki qardaş ölkə rəhbəri  Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılması Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini nümayiş etdirir. Nəzərə almaq lazımdır ki, bu gün Türkiyə və Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil, Prezident İlham Əliyev və Prezident Ərdoğanın sayəsində öz taleyi, siyasəti, münasibətləri və s. ilə bağlı özləri qərar verən,  maraq və mənafelərini müdafiə etməyi, istənilən təzyiqə müqavimət göstərməyi bacaran güclü dövlətlərdir”,-deyə politoloq vurğulayıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top