“Özünün bığsız gəzdiyini dedi, təkidlə bığımı qırxmağımı tələb etdi” — Sərxoşların qanlı davası

KRİMİNAL 25 may 2022, 10:10
Bakının Xətai rayonunda 1963-cü il təvəllüdlü Aleksandır şəxsi münasibətlər zəminində tanışı Müslümə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Aleksandır 19 iyul 2021-ci ildə, gecə saat 01 radələrində tanışı Müslüm ilə Xətai rayonu, Zığ yolu ünvanın qarşısında yerləşən bir otaqlı tikilidə spirtli içki qəbul ediblər. 

Sonra sərxoş vəziyyətdə mübahisə ediblər. Mübahisə zamanı Aleksandır Müslümə bir dəfə bıçaqla xəsarət yetirib. 

İstintaq orqanı tərəfindən Aleksandırın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aleksandır ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iyulun 18-də, axşam saat 20 radələrində tanışı Müslüm ilə Zığ yolu 22 saylı binanın həyətində rastlaşıb: “Müslüm mənə iki manat verdi, aptekdən spirt almağımı xahiş etdi. Özü isə yaşadığı otağa getdi. Yaxınlıqdakı aptekə getdim, oradan üç şüşə 96%-lik spirt, qalıq qalan 20 qəpiyə isə dörd ədəd pomidor aldım. Müslümün qaldığı yerə getdim. Orada üç şüşə spirti plastik qabda su ilə qarışdırdıq, hissə-hissə içdik, yemək əvəzi isə pomidor yedik”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, eyni zamanda Müslümdən onda olan saç qırxan aparatı ilə saçını qırxmasını xahiş edib: “Müslüm də etiraz etmədi, dediyimi etdi. Saat təxminən 01 radələrində Müslüm bığımı qırxmağı bildirdi. Mən isə Müslümə həmişə bığ saxladığımı dedim. Müslüm isə özünün bığsız gəzdiyini dedi, təkidlə bığımı qırxmağımı tələb etdi. Buna görə də aramızda mübahisə yarandı. Mübahisə zamanı Müslüm masanın üzərində olan boş pivə bakalını götürərək sol gözümdən vurdu. Zərbədən başım fırlandı və gözümdən qan gəldi”. 

Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra masanın üzərində olan mətbəx bıçağını götürüb və həmin bıçaqla bir dəfə Müslümün qarnından vurub: “Müslüm qarnını tutandan sonra mətbəx bıçağını masanın üzərinə atdım, onunla bir daha spirtli içki qəbul etməyəcəyimi bildirdim. Sonra yaşadığım qaraja getdim. Qarajda sol qaşımın üst hissəsinin kəsildiyini gördüm, yod götürmək üçün Müslümün qaldığı yerə qayıtdım. Lakin, otağın qapısı bağlı oldu. Bundan sonra məhəllənin qarşısına gəldim. Orada oturacağın üzərində Müslümün uzandığını gördüm. Müslüm bildirdi ki, özünü pis hiss edir. Daha sonra qonşular təcili tibbi yardım çağırdılar və Müslümü xəstəxanaya apardılar”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Aleksandır 6 il müddətinə azadlıqdan məhrum edilib.
 
Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top