"Meymunçiçəyi virusundan 99% hallarda sağalmaq olur" — HƏKİM

GÜNDƏM 24 may 2022, 21:26
Tanınmış həkim Aydın Əliyev son vaxtlar yayılan meymunçiçəyi virusu ilə bağlı bir sıra detalları açıqlayıb.

Demokrat.az
bildirir ki o, bu barədə paylaşım edib:

1. Meymunçiçəyi virusu DNT tərkibli virusdur, koronavirus isə RNT tərkibli virusdur. Yəni meymun çiçəyi virusunun mutasiyaya uğramaq ehtimalı daha azdır!

2. Meymunçiçəyi virusu ilk dəfə Afrikada tapılıb və ilk orada yayılıb. Əgər çox yayılma ehtimalı olsaydı antisanitarik və şəxsi gigiyena qaydalarına daha az əməl edən Afrika əhalisi arasında daha çox yayılardı.

3. Bəs pandemiyaya çevrilmək ehtimalı niyə azdır? A) inkubasion və prodromal dövrdə, yəni xəstəlik əlamətləri olmayan və az olan şəxslər demək olar ki, yoluxdurucu deyil. B)hava-damcı yolu ilə az yoluxur. C) Təbii çiçək virusuna qarşı vaksin edilmiş şəxslər meymun çiçəyindən 85% sığortalanıb, yəni 1980-ci ilə qədər təbii çiçək virusuna qarşı peyvənd edilmiş şəxslər yoluxmayacaq və yoluxduğu halda yüngül keçirəcək!

4. Suçiçəyinə qarşı peyvənd və suçiçəyi keçirmiş şəxslərdə yaranan immunitet meymun çiçəyinə qarşı keçərli deyil. Çünki suçiçəyi virusu herpes viruslarına, meymun çiçəyi virusu isə poxovirus ailəsinə aiddir.

5. Suçiçəyi və meymun çiçəyi xəstəliyinin əsas fərqləndirici əlamətləri: a) meymun çiçəyi xəstəliyində limfa düyünləri böyüyür, ovuc və ayaqaltı səthlərində səpgilər olur, suçiçəyində isə bu əlamətlər olmur və ya çox az olur.

6. Bir çox suçiçəyinə yoluxmuş xəstələr onlarda meymun çiçəyinin olmasından şübhələnirlər və bu başa düşüləndir. Çünki hal-hazırda ölkəmizdə suçiçəyi virusu da çox yayılıb. Bunun əsas səbəbi ölkəmizdə suçiçəyi virusuna qarşı peyvəndləmənin dövlət proqramına daxil edilməməsidir və bu çox təəssüfedici bir haldır! Yəni suçiçəyinə qarşı peyvəndləmənin dövlət proqramına daxil edilməməsi və hal-hazırda bu peyvəndin ölkəmizdə olmaması insanlarda haqlı olaraq panika yaradır! Əgər hamiləlik dövrünə qədər bir xanım suçiçəyi xəstəliyi keçirməyibsə və hamiləlik dövründə bu virusa yoluxubsa, o zaman virusun onun qarnındakı uşağa-dölə keçmə ehtimalı var, yəni bu virus plasentar beryerdən keçə bilir və döldə ciddi problemlər yaradır, hətta 24% hallarda yenidoğulanın ölümünə səbəb olur! Bu, ölkəmizdə səhiyyə siyasətinin yalnış olduğunu bir daha göstərir!

7. Meymun çiçəyi virusuna yoluxma əsasən kontakt yolu ilə, yəni xəstə insanla və ya heyvanla bədən və ya onların əşyalarına təmas yolu ilə, orqanizmdən xaric olan bütün ifrazat yolu ilə, virusun mövcud olduğu əşyalara təmas yolu ilə və hətta cinsi əlaqə yolu ilə ola bilər.

8. Hava-damcı yolu ilə yoluxma nisbətən azdır, çünki koviddəki kimi kiçik hava-damcı hissəcikləri ilə yoluxma olmur, böyük hava-damcı hissəcikləri ilə yoluxma olur ki, bunun üçün də xəstə insan və ya heyvanla yaxın təmas-öpüşmə, qucaqlaşma və onların əşyalarına və yatağına təmas yolu ilə olur.

9. Əşyalara təmas yolu ilə yoluxmanın əsas səbəbi bu virusun cansız mühitdə uzun müddət yaşama qabiliyyətinin olmasıdır.

10. Kliniki əlamətlər təzahür edən şəxslər, yəni qızdırma, başağrısı, əzələ ağrıları, dəri səpgiləri və s. oxşar şikayətləri olan şəxslər özlərini təcrid etməli və heç kimlə hər hansı fiziki təmas etməməlidir!

11. Yoluxan şəxslər tecovirimat (tekovirimat) preparatından istifadə edə bilər, bu preparatın meymun çiçəyi virusuna qarşı effektli təsiri sübut edilib.

12. Ayrıca meymun çiçəyi virusuna qarşı da peyvənd mövcuddur. Əgər pandemiya təhlükəsi olarsa bu peyvəndin geniş istehsalı olacaq! Əndişəyə heç bir əsas yoxdur!

13. Covid-19 pandemiyası göstərdi ki, bu dövrdə Ümumdünya Səhiyyə Təşkilatı çox gəlir götürdü və aktuallığını artırdı, ona görə də ÜST-ün yeni canfəşanlığı başa düşüləndir, insanlarda gərəkəndən daha çox panika yaratmaqları anlaşılandır!

14. Qorxub, stres keçirməyə heç bir əsas yoxdur! Ümid edirəm ki, atılacaq addımlar tibbi yöndən situasiyaya uyğun olacaq, siyasi motivlərə uyğun olmayacaq!

15. Hal-hazırda yayılmış olan meymunçiçəyi virusunun qərbi Afrika variantı daha yüngül keçirilir, 99% hallarda sağalma ilə nəticələnir.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top