“Bu dəfə Brüsseldə daha konkret danışıqlar əldə olundu” — Politoloq

GÜNDƏM 24 may 2022, 16:25
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Qeyd edək ki, Ermənistanda da analoji komissiya yaradılıb. 

Məsələ ilə bağlı Demokrat.az-la fikirlərini bölüşən politoloq, keçmiş diplomat Fikrət Sadıqov bildirib ki, əslində tərəflər arasında müəyyən razılıqlar var. F.Sadıqov vurğulayıb ki, əslində həm delimitasiya, həm sülh sazişinin, həm də komissiyaların yaranması məsələsində onlar arasında heç bir fikir ayrılığı yoxdur. 

“Təbii ki, sübut onun yerinə yetirilməsindən, reallaşmasından gedir. Bilirsiniz ki, keçən dəfə Ermənistan tərəfi bunu ləngitdi və problemlər yaratdı. Görüş keçirilməli idi, onlar görüşə gəlmədilər. Sonra ikinci dəfə bunu təxirə saldılar, hələ hazır deyilik dedilər. Amma bu dəfə müzakirələr onu göstərdi ki, daha konkret nəticələr əldə olundu. Bunu Şarl Mişelin özü də təsdiqlədi”. 

Keçmiş diplomat düşünür ki, Ermənistan tərəfi yenə də müəyyən əngəllər törədə bilər:

“Həqiqət ondan ibarətdir ki, əgər Şarl Mişel vasitəçilik rolunu üzərinə götürürsə, onda gərək bunun arxasında da dayansın və Ermənistana müəyyən təzyiqlər də etsin. Çünki razılıqları pozan tərəf Ermənistandır. Biz o vaxtı da hazır idik, bundan sonra da hazırıq.Əgər Ermənistan yenidən problemlər yaradacaqsa, təbii ki, onlara təzyiq artırılmalıdır. Bu təzyiq nəticəsində onlar gəlib stol arxasında əyləşməli və bu məsələləri həll etməli, bizimlə danışmalıdırlar. Bunun başqa variantı və çıxış yolu yoxdur”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top