Astaradan paytaxta işləməyə gələn gəncdən taksi sürücüsünə qarşı dəhşətli əməl — Təfərrüat

KRİMİNAL 24 may 2022, 15:22
Bakının Xəzər rayonunda 1998-ci il təvəllüdlü Asiman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Hüseynə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 19 aprel 2021-ci ildə, saat təxminən 21 radələrində Xəzər rayonu Zirə qəsəbəsində yerləşən parkın yaxınlığında baş verib. 

Asiman Hüseyni 30 manat borc məsələsi ilə bağlı döyərək, ona xəsarət yetirib. 

İstintaq orqanı tərəfindən Asimanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Asiman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, dolanışıq məqsədi ilə yaşadığı Astara rayonundan Bakı şəhərinə müxtəlif iş yerlərinə fəhləçilik etmək üçün gəlib: “İşləyərək əmək haqqını götürərək geri qayıdıb. Xəzər rayonu Zirə qəsəbəsi Bağlar massivində bibim Gülnarın evi var. Bakıya işləməyə gələndə onların evində qalırdım. Əmim Elnur da Astara rayonunda yaşayır və o da işləməyə gələndə bacısı Gülnargilin evində qalır. Hüseyn də Astaradan Bakıya idarə etdiyi “Mersedes-Vito” markalı taksi avtomobili ilə gələrkən 8 aydır tanımışam. Aramızda düşmənçilik və ədavətlərimiz yoxdur. Hüseynin taksi avtomobili ilə bir neçə dəfə ailəm ilə birlikdə Zirə qəsəbəsinə nisyə gəlib-getmişəm. Sonradan yol haqqını ona ödəmişəm”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2021-ci ilin aprel ayının ortalarında yenə Hüseynin həmin avtomobili ilə Zirə qəsəbəsinə həyat yoldaşı Nəcimə ilə birlikdə gəlib: “Lakin pulum olmadığı üçün işlədiyim parnikdən pulu alaraq ona verəcəyimi dedim. O da razılaşdı, yəni həmin vaxt Hüseynə 30 manat borcum qaldı. Lakin parnikdən pulumu ala bilmədiyim üçün Hüseynə olan 30 manat borcumu ödəyə bilmədim”. 

Asiman qeyd edib ki, aprelin 19-da, saat 21 radələrində Hüseyn iş yoldaşı Asimlə birlikdə onun işlədiyi Zirə qəsəbəsindəki parnikin qarşısına gəlib: “Bayıra çıxanda Hüseyni gördüm. Hüseyn məndən 30 manat borcunu istədi. Mən də 2 günə verəcəyimi dedim. Hüseyn razılaşdı. Sonra Hüseyndən xahiş etdim ki, özümü və yüklərimi bibim Gülnarın Zirə qəsəbəsindəki evinə aparsın. Hüseyn də razılaşdı. Nəcimə ilə birlikdə yüklərimi Hüseynin avtomobilinə yerləşdirdik, bibimin Zirə qəsəbəsindəki evinə çatdıq. Orada Hüseyn əsəbiləşərək məndən borcu istədi. Bu zaman mən də yüklərimi Hüseynin avtomobilindən boşaltdıqda əsəbiləşdiyim üçün qapını möhkəm çırpdım və qapı yerindən çıxdı. Bunu gördükdə Hüseyn daha da qızışaraq üstümə gəldi, əl-qol atmaq istədi. Hüseynin sifətinə 1-2 dəfə yumruqla və ayağına bir dəfə təpiklə vurdum, özümü müdafiə etdim. Səs-küyə bibim Gülnar və əmim Elnur bayıra çıxaraq bizi aralaşdırdılar. Daha sonra Asim Hüseyni avtomobilə əyləşdirərək sürərək getdilər”.

Asiman qeyd edib ki, himayəsində iki azyaşlı uşağı var.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Hüseynin sözlərinə görə, fərdi qaydada etibarnamə ilə idarə etdiyi 8 sərnişin daşıya bilən minik markalı avtomobili idarə edərək Astara rayonundan Bakı şəhərinə taksi kimi sərnişin daşımaqla məşğul olur və adam başı 15 manat yol haqqı alır: “Astara rayonundan da gələn müştərilərin hamısı bunu bilir və onları birbaşa işləmək üçün Zirə qəsəbəsindəki iş yerlərinə, məsələn parniklərə, daş karxanalarına gətirib düşürürəm. Asimanı əvvəllər tanımamışam. Lakin Asiman 2021-ci ilin mart ayında avtomobilimdən müştəri kimi istifadə etdikdən sonra onu tanımışam. Asimanı birinci dəfə 2021-ci ilin mart ayının əvvəllərində Zirə qəsəbəsindən müştəri kimi idarə etdiyim avtomobilim ilə Astara rayonu Şahağacı qəsəbəsinə adını bilmədiyim arvadı ilə birlikdə aparmışam. Həmin vaxt adam başı mənə 15 manat yol haqqını ödəyiblər”.

Zərərçəkmiş şəxs qeyd edib ki, 2021-ci ilin mart ayının təxminən 27-də Novruz bayramı bitdikdən sonra Asimanın onun mobil nömrəsinə zəng edərək sifariş verməsinə əsasən onu Astara rayonunun Şahağacı qəsəbəsindən adını bilmədiyi arvadı ilə birlikdə götürüb, Zirə qəsəbəsinə işlədiyi parnikə gətirib: “Obyektin qabağında Asiman həyat yoldaşı ilə birlikdə düşərək guya obyektdən pul götürüb mənə verəcəyini bildirdi, parnikə girdi. Təxminən 5-6 dəqiqə sonra bayıra çıxaraq pul ala bilmədiyini və 30 manat yol haqqını 2 gün sonra pul alanda verəcəyini bildirdi. Mən də razılaşdım. 2 gün sonra Asimanın işlədiyi parnikə gələrək ona zəng etdim, pulumu istədim. Asiman bayıra çıxaraq pulu olmadığını, sonra verəcəyini bildirdi. Bu zaman narazılığımı bildirdim. Naəlac qalaraq gözlədim. Asimana mesaj yazıb zənglər etdim. Lakin mənimlə görüşməkdən yayındı. Sonradan parnikə də gedərək Asimanı axtardım, tapa bilmədim. Aradan 1 ay keçməsinə baxmayaraq, Asiman yenə də pulumu vermədi”.

Hüseyn deyib ki, sonuncu dəfə, aprelin 19-da, saat 20.30-da iş yoldaşı Asim ilə birlikdə Zirə qəsəbəsinə Asimanın işlədiyi parnikə gedib, maraqlandıqda Asiman orada olmayıb: “Asimanın mobil nömrəsinə zəng etdim. Asiman məni Zirə qəsəbəsində yanacaq doldurma məntəqəsinə çağırdı ki, pulumu verəcəkdir. Həmin yerə getdim. Asiman oradan benzin götürdü, çünki müdirinin “VAZ-2106” markalı avtomobilinin yolda qalmasını və Zirə qəsəbəsinə parnikin qarşısına sürməyimi dedi. Mən də onu idarə etdiyim avtomobillə işlədiyi parnikin qarşısına gətirdim. Asiman avtomobildən düşdü, yenə mənimlə Astara rayonuna qayıdacağını deyərək bütün borcumu ödəyəcəyinə söz verdi. Mən də buna inandım. Asimin yanında Asiman əşyalarını, yüklərini avtomobilimə yerləşdirdi. Oradan Asiman və onun arvadı ilə birlikdə Zirə qəsəbəsindən çıxaraq hərəkətə başladıq. Avtomobili həmin vaxt Asim sürürdü. Yolda Asiman maşını Zirə qəsəbəsində Türkan yolunda ara məhləyə sürdürdü, saxlamağı xahiş etdi. Asim də avtomobili dayandırdı. Həmin vaxt Asiman arvadı ilə birlikdə avtomobildən düşərək yüklərini boşaltmağa başladı. Narazılıq etdim ki, bəs Astara rayonuna getmirdisə nə üçün məni aldadır, bu səbəbdən ondan borcumu ödəməsini tələb etdim. Asiman isə avtomobilimin qapısını çırparaq sındırdı. Sonra Asimanın arvadı da avtomobildən düşdü. Asiman məni söyüb təhqir etməyə başladı. Bu vaxt ora Asimanın əmisi Elnur  yaxınlaşdı. Asiman üstümə hücum edərək məni təpik və yumruqla vurmağa başladı, yanındakı qohumu isə onu tutmağa çalışdı. Sifətimi tutaraq onlardan uzaqlaşmağa çalışdım. Asim məni onlardan qoruyaraq, onları sakitləşdirməyə çalışdı. Münaqişə təxminən 10 dəqiqə davam etdi. Həmin vaxt ətrafda səs-küyə orada yaşayan Zirə sakinlərindən tanımadığım 4-5 nəfər yığıldı. Münaqişənin böyüməməsi üçün Asim avtomobilə əyləşdi və məni də yanımda əyləşdirərək sürüb oradan uzaqlaşdı. Asiman tərəfindən döyülməyim nəticəsində başımdan, ayağımdan, sağ əlimdən müxtəlif xəsarətlər almışam”. 

Zərərçəkmiş şəxs qeyd edib ki, hadisədən sonra öz mobil telefonu ilə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat verib və Xəzər rayon Polis İdarəsinin 1-ci polis şöbəsinə gedərək ərizə və izahat verib. Qeyd edib ki, daha sonra məhkəmə tibbi-ekspertizasından keçib.

Bildirib ki, hazırda Asiman ilə barışıb, ondan heç bir şikayəti yoxdur.

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb. 

Təqsirləndirilən şəxsin barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilib. O, barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, dərhal məhkəmə iclas zalında həbsdən azad edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top