Deputat: “Azərbaycanın sülh təşəbbüsləri beynəlxalq normalara uyğundur”

REGİON 22 may 2022, 15:41
“Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasından keçən 30 il ölkələrimiz arası münasibətlərinin möhkəmlənməsi və inkişafı baxımından uğurlu bir tarixdir”. 

 Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkili vurğulayıb ki, müstəqilliyimizin ilk illərindən başlayaraq ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş və torpaqlarımızın danışıqlar yolu ilə işğaldan azad olunması prosesində ölkəmizin mövqeyini həmişə dəstəkləmişdir:
“Müstəqilliyimizin ilk illərində Azərbaycanın iqtisadiyyatının inkişafının təməlində dayanan və bel sütunu təşkil edən “Əsrin müqaviləsi”nin imzalanmasında ABŞ yaxından iştirak etmiş, karbohidrogen resurslarımızın dünya bazarlarına ixracını təmin edən neft-qaz boru xətlərinin çəkilməsini dəstəkləmişdir. Bu illərdə Azərbaycan ABŞ münasibətləri artan xətlə inkişaf etmiş və strateji xarakter almışdır. Azərbaycanın ərsəyə gətirdiyi Cənub-Şimal və Qərb-Şərq nəqliyyat dəhlizlərin tikintisi ilə bağlı layıhələri Amerika Birləşmiş Ştatları dəstəkləmiş, Avropanı Asiya ilə birləşdirəcək bu layihələrin xüsusilə bu gün artan əhəmiyyətini müsbət dəyərləndirmişdir. Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə yaxın iştirak etmiş, 1999-cu ildən başlayaraq Kosovoda, İraqda, Əfqanıstanda, Cənubi Sudanda beynəlxalq sülhməramlıların tərkibində sülhməramlı missiyalarını yerinə yetirmişdir. Yola saldığımız 30 ildə Azərbaycanın öz ərazisi işğal altında olmasına baxmayaraq beynəlxalq misiyaların iştirakıçısı olması ABŞ tərəfindən də yüksək dəyərləndirmişdir”. 

“2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi ilə başa çatan 44 günlük Vətən müharibəsində yaratdığımız yeni reallıq Amerika Birləşmiş Ştatları tərəfindən də qəbul olunmuşdur. Respublika günü münasibətilə ABŞ Prezidenti Co Baydenin Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkan kimi qiymətləndirilməsi, Azərbaycan və Ermənistan arasında təmasların intensivləşdirilməsinin bütün Qafqaz və Transxəzər regionun çiçəklənməsinə imkan verəcəyi qənaetində olması və bu anlamda Azərbaycanın sülh təşəbbüslərinin dəstəkləməsi, iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olduğunu bildirməsi ABŞ-ın bölgədə yaratdığımız yeni reallığa uyğun uzunmüddətli sülhün təmin edilməsinə böyük dəyər verdiyinin göstəricisi hesab edirəm. Azərbaycanın regionda təhlükəsiz əməkdaşlığın yaradılması ilə bağlı təşəbbüsləri beynəlxalq normalara uyğundur və Ukrayna müharibəsi ilə əlaqədar dünya nizamında baş verən hadisələr müstəvisində yeni əməkdaşlıq və sülh regionun yaradılması istiqamətindədir”. 

“Təbii ki, dünya nizamında baş vermiş hadisələr yeni təhlükəsiz əməkdaşlıq və iqtisadi əlaqələrin davam etdirilməsi üçün prespiktivlər vəd edən Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin olunmasını vacib edir. Azərbaycanın niyyəti və gələcəyə baxışları öz ölkəmizin üzərindən dünyanı birləşdirməklə bağlıdır. Amerika Birləşmiş Ştatların Prezidenti təbrik məktubunda ölkəmizin bu mövqeyinin əhəmiyyətindən danışaraq planlarımızın reallaşdırılmasında dəstək verməyinə hazır olduğunu bildirərək ölkələrimiz arası əməkdaşlığın möhkəmlənməsinə və inkişafına böyük dəyər verdiyini ifadə etməsi həm də ABŞ-ın regiona baxışların ifadəsi kimi qeyd etmək olar”- deyə deputat qeyd edib.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top