Co Baydenin İlham Əliyevə göndərdiyi təbrik məktubunda verilən mühüm mesajlar...

GÜNDƏM 21 may 2022, 11:06
ABŞ Prezidenti Cozef Bayden Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu  göndərib. Məktub bir neçə istiqamət üzrə xüsusilə diqqət çəkir. ABŞ prezidentinin işlətdiyi ifadələrin əsas hədəfi nədir?

Dünəndən bəri Azərbaycan müxalif cameəsində Baydenin müzakirəyə çıxarılan bu fikri diqqət çəkir: “Biz Azərbaycanı bütün azərbaycanlıların hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar istiqamətində məqsədyönlü addımlar atmağa dəvət edirik”.

Bayden burada nə demək istəyir? Az qala Baydenin bu fikrini Azərbaycanda gözlənilməz hadisələrin əsas carçısı kimi qələmə verən müxaliflər niyə bir cümlədən ümid umur? Axı Bayden bu məktubu şəxsən İ.Əliyevə yazıb və bu məktub başdan ayağa ölkə başçısına dəstək mesajları ilə doludur. Gələk, Baydenin müzakirə olunan fikrinə...

Əvvəla, bütün ABŞ prezidentləri, eləcə də Bayden üçün qəbuledilən protokol qayda var. Özünü “demokratiyanın beşiyi” adlandıran ABŞ prezidentlərinin hamısı digər ölkələrin liderlərinə ünvanladıqları məktubda “Hüquq və fundamental azadlıqlarını qoruyan demokratik idarəetmə və islahatlar...” məsələsini bir cümlədə də olsa, həmişə önə çıxarıblar. Bu, artıq onlar üçün ənənəvi protokol qaydadır. Fərqi yoxdur, məktubun ünvanlandığı ölkədə fundamental azadlıqlar var, yoxsa yox... Heç şübhəsiz, ABŞ prezidenti başa düşür ki, demeokratik və müstəqil olmayan dövlət nə dünyada sülhə, təhlükəsizliyə töhfə verə bilər, nə ciddi logistik mərkəzə çevrilər, nə Ukraynaya açıq dəstək göstərər, nə də Cənubi Qafqazda demokratiyanın və barışın əsas təminatçısına çevrilə bilərdi. Təbii ki, Baydenin bu fikri həm də bəzi qüvvələrə mqəsədli şəkildə atılan “pay”dır. Amma bu, həm də onları lağa qoymaqdır. Çünki 30 ildir ABŞ nə verirsə, Azərbaycanda müxalif cameə illərlə onu yeyir. Azərbaycan dövlətinin isə öz və milli menyusu var.

ABŞ prezidenti Baydenin Azərbaycana ciddi və açıq dəstək ifadə etdiyi sahələrə diqqət edək:

- Bayden “Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığını” diqqətə çatdırdı. Bu o deməkdir ki, ABŞ iqtisadi təhlükəsizlik platformasında Azərbaycanı mühüm tərəfdaş kimi görür.

- O, “enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın tarixin mühüm anında öz bəhrəsini verdiyini” bildirdi. Bu, beynəlxalq təhlükəsizliyin əsas qarantlarından biri kimi Azərbaycanın Qərb üçün həlledici əhəmiyyətinin ifadəsidir.

- Məktubda “Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı” alqışlanır. Qeyd etmək lazımdır ki, Azərbaycanın Ukraynaya dəstəyi 30 il ərzində regionda və dünyada baş verən proseslərə davamlı və ədalətli yanaşmasının göstəricisidir. Azərbaycan işğala məruz qalan dövlətdir, işğala məruz qalan digər ölkələrin suverenliyi də rəsmi Bakı üçün qırmızı xəttdir.

- ABŞ prezidenti “Biz, həmçinin Sizin terrorizmə qarşı qlobal mübarizəyə verdiyiniz əhəmiyyətli töhfələrinizi təqdir edirik” deməklə, Azərbaycanın terrorizmdən əziyyət çəkən bir ölkə kimi bundan sonra da pozitiv mövqedə olacağına daim dəstək verəcəyini ifadə edir.

- O bildirir: “Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır”. Mənzərə kifayət qədər açıqdır. Birincisi, ABŞ Azərbaycan-Ermənistan arasında sülhü təqdir edir. İkincisi, ABŞ-ın hədəfi təkcə Azərbaycanla müsbət münasibətləri davam etdirmək deyil, həm də bütün Transqafqazda öz maraqlarını təmin etməkdir. Üçüncüsü, ABŞ böyük dəhliz ölkəsinə çevrilən Azərbaycanın bu istiqamətdəki addımlarını birmənalı şəkildə və şərtsiz dəstəkləməyə məcburdur. 

Məktubda ən ciddi məqamlardan biri ABŞ-ın Azərbaycanın müstəqilliyini dəstəkləməsini xüsusi qeyd etməsidir. Bu, Rusiya-Ukrayna müharibəsi və Rusiyanın region ölkələrinə qarşı təxribatları fonunda xüsusilə diqqət çəkir. 

Samir Feyruzov
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top