“Badımcanın 6 manata satılması normaldır“

SOSİAL 20 may 2022, 19:19
Azərbaycandan yan keçməyən qlobal bahalaşma, bütün gündəlik ərzaq məhsullarında olduğu kimi, meyvə-tərəvəzin qiymətində də özünü göstərir. Əhalinin narazılığına səbəb olan əsasən mövsümi məhsulların fantastik qiymətləridir.

Marketlərdə ən bahalı - ərik (10 manat), ən ucuzu isə - xaricdən gətirilən banandır (2.50 manat). Öz bostanımızın məhsulu sayılan badımcan belə 6 manatadır.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı Akif Nəsirli qiymət artımını qanunauyğun sayır:

“Mən süni qiymət artımı ehtimalı ilə razılaşmıram. Ümumiyyətlə, bütün məhsulların bahalaşması fonunda ayrıca götürülmüş məhsulların qiymətinin yerində sayması mümkün deyil. Bu gün bazarda məhsul nomenklaturasına baxanda 60-70 faiz bahalaşma görürüksə, digər 30-40 faiz məhsulun qiyməti eyni qala bilməz. İnsanlar fikirləşir ki, alçanın, badımcanın, kartofun maya dəyərində bahalaşma olmamalıdır. Amma bu, düzgün yanaşma deyil. 
Kiçik bir misal çəkəcəyəm: bir nəfər balıqçı hər gün çayda 5 balıq tutur, bazarda birini 2 manatdan satıb gündə 10 manat gəlir əldə edir. Qazandığı ilə də bazardan ehtiyacı olanları alıb evinə aparır. Əgər bazarda bütün qiymətlər qalxırsa, balıqçının qazandığı 10 manat ehtiyaclarını ödəmir. Ona görə də məcburdur ki, balığı artıq 2 yox, 3 manata satsın.

Yəni bazarda bütün məhsulların qiyməti qalıbsa badımcanın, alçanın, xiyar, pomidor, kartof, soğanın qiymətinin bahalaşmaması qeyri-mümkündür. Bu qanunauyğundur”.

Akif Nəsirlinin sözlərinə görə, hazırda baha qiymətə satılan bir çox məhsul növbəti mövsümdə ucuzlaşacaq:
“Hazırda bəzi məhsulların nübar vaxtıdır. Üzü yaya, sözsüz ki, qiymətlərdə azalma müşahidə olunacaq. İrəliləyən həftələrdə qiymətlərin düşəcəyini görəcəyik. Amma bir məsələ var ki, keçən il badımcan mövsümündə 30 qəpiyə düşmüşdüsə, bu il düşməyəcək, kilosu 50-60-70 qəpiyə olacaq. Bunu bazar özü tənzimləyəcək. 

İndi satılan badımcan istixanalarda yetişdiriləndir, ona görə 6 manata satılır.  Çünki ona qaz, işıq sərf olunur. Sahədə yetişən badımcan satışa çıxarılanda sözsüz ki, daha ucuz olacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top