“MEDİA üzərinə qoyulmuş missiyanı çox yaxşı şəkildə icra edir” — Baş redaktor

MEDİA 20 may 2022, 13:03
“MEDİA agentliyinin fəaliyyətini müsbət qiymətləndirirəm”.

Bunu Demokrat.az-a açıqlamasında Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. Baş redaktor vurğulayıb ki, sələfindən MEDİA-ya çox pis miras qalmışdı və çoxdan arxivə atılan KİVDF adlı qurumun rəhbərliyinin yarıtmaz fəaliyyəti bütövlükdə media sektoruna ağır zərbə vurmuş, jurnalistlər arasında inamsızlıq yaratmışdı:

 “İndi isə bu qurum Vüqar Səfərlidən qalan pis ənənələri tədricən aradan qaldırır, mətbuu sferadakı xaosa, özbaşınalığa son qoymağa çalışır. Ən əsası Agentlik media subyektləri arasında fərq qoymur, hamıya eyni gözlə baxır, tərəfsizliyini qoruya bilir.  Bütün sahələrdə olduğu kimi mediada da nizam-intizama ehtiyac var. Düzdür, media sahəsində on illərdir, yığılıb qalan problemlərin həllini yaxın müddətdə həll etmək mümkün deyil, bunun üçün müəyyən zaman lazımdır. Yəni, bir və ya beş gündə ciddi nəticə əldə etmək mümkün deyil”. 

S.Verdizadə ümid edir ki, yeni qanundan irəli gələn tələblər mətbuu mühitdə köklü dəyişikliklərə səbəb olacaq:

“Jurnalistlərin reyesterinin aparılmasına, dövlət qurumları ilə medianın münasibətlərinin tənzimlənməsinə çox ehtiyac var. Bəzi dövlət qurumlarının mətbuata düşmən gözü ilə baxmasına son qoyulmalıdır. Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasının qeydinə qalmaq lazımdır. Reklam bazarı KİV-lərin üzünə açıq olmalıdır. Redaksiyalarım maddi-texniki bazası gücləndirilməlidir. Jurnalistlərin güzəştli şərtlərlə sosial ipoteka alması təmin edilməlidir. Jurnalistin gözü heç kimin əlində olmamalıdır. İslahat yolu ilə mətbuatın məmur-oliqarxların asılılığından qurtulmasına nail olmalıyıq. Mətbuatı yalnız bu yolla inkişaf etdirmək mümkündür”.

“Düzdür, mətbuatla bağlı problemlərin tam şəkildə həllini bu qurumdan gözləmək sadəlövhlükdür. Amma əsas odur ki, MEDİA üzərinə qoyulmuş missiyanı çox yaxşı şəkildə icra edir. Nə mümkündürsə, onu səliqəli və operativ şəkildə həyata keçirir”. 

Qeyd edək ki, ötən gün Medianin İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda hazırda Azərbaycan mediasının ciddi islahatlar dönəmini yaşadığını vurğulayıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top