Gəncədə bərbər salonda tanışı tərəfindən döyüldü — Təfərrüat

KRİMİNAL 19 may 2022, 13:35
Gəncə şəhərində 1992-ci il təvəllüdlü Nicat tanışı Samirə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 14-də, saat 14 radələrində Gəncə şəhəri Atabəylər prospektində baş verib. 

Nicat həmin ünvanda bərbərxanada əvvəlcədən tanıdığı Samir ilə mübahisə edib. Mübahisə zamanı Samirə yumruq zərbəsi ilə sifət və kürək nahiyələrinə vurub. 

İstintaq orqanı tərəfindən Nicatın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, uzun müddətdir Samiri tanıyır: “Samir yaşadığım evin yaxınlığında bərbərxanada işləyir və adətən boş olduqda Samirin yanına gəlib-getmişəm. Samirlər yaxın tanışlıq münasibətlərimiz var”. 

Təqsirləndirilən şəxasin sözlərinə görə, yanvarın 14-də, təxminən saat 14 radələrində təkbaşına Samirin işlətdiyi Atabəylər prospektində İmamzadə yolunun üstündə olan bərbərxanaya gedib: “Həmin vaxt bərbərxanada bir nəfər tanımadığım müştəri olub. İçəri daxil olaraq Samirlə bir qədər söhbət etdim. Sonra Samirin yersiz zarafatına görə aramızda mübahisə yarandı. Biz qarşılıqlı olaraq bir-birimizi söydük. Bu zaman əsəblərimi cilovlaya bilmədim. Samiri bir neçə dəfə yumruqla vurdum, sonra yerə yıxdım”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt əsəbi tərzdə dalaşdığı üçün atdığı yumruqların Samirin hansı nahiyəsindən dəyməsini xatırlamayıb: “Bizim dava-dalaşımız əvvəlcədən bərbərxanada olan müştəri və səs-küyə gəlmiş bir və ya iki nəfər başqa şəxs ayırıb. Sonra da əsəbi halda bərbərxanadan getmişəm”. 

Bu cinayət işinə Kəpəz rayon Məhkəməsində baxılıb. 

Nicat 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. 

Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə olunub, cəzaçəkmə müddətinin başlanğıcı 7 aprel 2022-ci il tarixdən hesablanıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top