Qobustanda dəhşətli cinayət: Gənc oğlan ürəyindən vuruldu — Təfərrüat

KRİMİNAL 18 may 2022, 12:28
Qobustan rayonunda 1986-cı il təvəllüdlü Rəfail şəxsi münasibətlər zəminində tanışı Sübhana xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 16 iyun 2021-ci ildə Qobustan rayonunun Nabur kəndi ərazisində baş verib. 

Rəfail Nabur kənd tam orta məktəbinin yaxınlığında, küçədə həmkəndlisi Sübhanı bıçaqlayıb. 

İstintaq orqanı tərəfindən Rəfailin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Rəfailin barəsində olan cinayət işi araşdırılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş baxılması üçün hakim Hafiz Əliyevin icraatına verilib. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Rəfail ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iyunun 16-da, saat 21-22 radələrində yaşadığı Qobustan rayon Nabur kəndində yerləşən Mehti adlı həmkəndlisinin kafesinin qarşısından keçən zaman digər həmkəndlisi Səfa onu çağıraraq, gəl “pivə içək” deyib: “Kafeyə girərək həmin vaxtı Sübhan və Seyranın Səfa ilə oturduğunu gördüm. Sübhanı görərək “çox sağ ol, içəsi olmadım” dedim, Səfanın başından öpdüm. Bunu görən Sübhan mənə qarşı nalayiq söyüşlər söydü. Sübhan məni söydükdə Səfa və Seyran içkili olduğu üçün reaksiya verdi. Bir anda üzərimə bokal və 2 dəfə stul atdı. Bokal sağ alın tərəfimə, stul biri qoluma, digəri isə qoluma dəydi. Sübhan üzərimə yeriyərək söyüş söyməyə davam etdi. Üçü də üstümə gəldi və məni kafedən döyə-döyə çıxardılar. Kafedən məni çıxardaraq döyməyə davam etdilər. Həmin vaxt Səfa kafenin içərisində olan stulu götürərək çölə çıxdı, başıma vurdu. Onların əlindən çıxa bilmədim. Sonra orada olan avtomobilin arxasına tərəf getdim. Məni yenə də aralanmağa imkan vermədilər. Sonda evə tərəf getməyə başladım. Buna baxmayaraq Sübhan və Seyran arxam ilə söyüb, itəliyəitəliyə evədək gəldilər. Sübhan atamın ünvanına söyüş söydüyü üçün dözmədim. Yaşadığım evə daxil oldum, mətbəxdən bıçağı götürərək çölə çıxdım. Sübhanı vurdum və sonra evə girdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən bir müddət əvvəl içkili olduğuna görə zərərçəkmiş şəxsi təhqir edib: “Bu səbəbdən barəmdə məhkəmə 10 gün müddətində inzibatı həbs verdi. Habelə hadisə baş verən zaman üzərimdə telefon olmayıb. Hadisə barəsində qardaşıma heç bir məlumat verməmişəm. Hadisə zamanı mən də xəsarətlər almışam”. 

Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu, himayəsində 4 azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alınmasını istəyib. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sübhanın sözlərinə görə, iyunun 16-da, saat 20 radələrində ailəsi və qardaşı Seyranla birlikdə qohumu Səfanın yaşadığı evə gediblər: “Orada bir müddət oturduqdan sonra qardaşım Seyran və qohumum Səfa ilə birlikdə siqaret almaq üçün kənd ərazisində yerləşən dükana getdik. Siqaret alaraq evə qayıdan zaman, kənd ərazisində yerləşən kafeyə daxil olduq. Orada çay içmək üçün əyləşdik. Çay içən zaman həmkəndlimiz Rəfail həmin kafeyə daxil olaraq kənarda əyləşdi, pivə içməyə başladı. Bir müddət sonra Rəfail Səfa ilə zarafat etməyə başladı. Onların arasında olan zarafat mübahisəyə çevrildi. Onlar mübahisə edən zaman aralarına girərək sakitləşdirdim. Hər ikisini danladım. Bir müddət sonra Rəfail bizimlə görüşərək, evə getdiyini dedi. Rəfail getdikdən bir müddət sonra kafedən çıxdıq, yenidən Səfanın evinə getdik”.

Zərərçəkmiş şəxs deyib ki, həmin gün saat 22 radələrində heyvanları dama salmaq üçün yaşadığı evə gedib: “Yaşadığım evə gedən zaman Rəfail, onun qardaşı Telmanın, bacısıoğlu Şamil qarşımı kəsdilər, məni söyüşlərlə təhqir etməyə başladılar. Bundan sonra Rəfail ilə əlbəyaxa oldum. Mübahisə zamanı Rəfail sol ürək nahiyəmə bir dəfə bıçaqla zərbə vurdu. Bir müddət sonra səsimə qardaşım Seyran və qohumum Səfa gəldilər. Seyran və Səfa gəldikdən sonra Rəfail, Telman və Şamil oradan uzaqlaşdılar. Vəziyyətim ağır olduğunu görən Seyran və Səfa məni avtomobilə Qobustan rayon Mərkəzi Xəstəxanasına apardılar”.

Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ondan şikayətçi olmadığını deyib. 

Məhkəmənin hökmü ilə Rəfail 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top