Qusarda ata və oğul mağazaya basqın etdilər — Təfərrüat

KRİMİNAL 18 may 2022, 10:31
Qusar rayonunda Yuri Altuxanov və onun oğlu Şöhrət şəxsi münasibətlər zəminində həmkəndliləri Tacibə xəsarət yetiriblər. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 24 iyun 2021-ci ildə, saat 19 radələrində baş verib. Şöhrət sərxoş vəziyyətdə atası Yuri ilə rayonu İmamqulukənd kəndində yerləşən Tacibə məxsus “İmamqulukənd” marketə gəlib.

Bu zaman mağazanın giriş qapısında yapışdırılmış Yurinin ailə üzvlərinin adları olan borcluların siyahısını oradan götürməsini tələb ediblər. Tacib buna etiraz etəməsini bəhanə gətiriblər. Onlar balta sapı ilə əvvəl mağazanın giriş qapısının şüşəsini, daha sonra isə mağazaya daxil olaraq əlindəki balta sapı ilə mağazada olan vitrin şüşələrini sındırıblar. 

Bundan sonra isə ata və oğlu mağazanın qarşısında balta sapı və yumruq zərbələri ilə Tacibi vurublar. Bu vaxt ora gələn Tacibin anası Zəminə mağazanın qarşısına satılması üçün qoyulan balta sapını götürərək Şöhrəti vurub. 

Hər üç şəxsin barəsində cinayət işi açılıb. Yuri və Şöhrətin barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs halında xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib.

Bundan başqa, Zəminənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Zəmininin barəsində cinayət işi ayrıca icraata götürülüb və baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Adil Vəliyevin sədrliyi ilə araşdırılıb. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zəminə ona elan olunmuş ittiham üzrə təqsirli bilib. O bildirib ki, iyunun 24-də, saat 19 radələrində Yuri və Şöhrət İmamqulukənd kəndində yerləşən, oğlu Tacibə məxsus “İmamqulukənd” marketə gələrək, oğlunu döydüklərini görüb: “Bu səbəbdən də mağazanın yanında olan balta sapını götürdüm və 1 dəfə Şöhrətin başına vurdum. Həmin əməlimdən peşmanam. Hadisə nəticəsində Şöhrətə maddi ziyan vurulmayıb. Əksinə oğlum Tacibə ziyan vurulub”. 

Təqsirləndirilən şəxs qismində ifadə verən Şöhrətin sözlərinə görə, Qusar rayonu İmamqulukənd kəndində yaşayır, zərərçəkmiş Tacib onun həmkəndlisidir: “2-ci Qarabağ Müharibəsinin iştirakçısı olmuşam, Suqovuşanın azad olunmasında iştirak etmişəm. Yaşadığım kənddə Tacibin mağazası var. Ailə üzvlərimin həmin mağazaya borcu olub. Tacib mağazanın giriş qapısına borclu şəxslərin siyahısını yapışdırdığını, ailə üzvlərimin adlarının da həmin siyahıda olduğunu eşitdim. Bundan əsəbləşdim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 24-də, axşam saatlarında atası Yuri ilə ilə bir qədər araq içib: “Sonra birlikdə mağazaya getdik. Atam çöldə dayandı. Özüm təkbaşına mağazaya daxil oldum. Tacibdən ailə üzvlərimin adlarını qapıya yapışdırılmış adlı siyahıdan çıxartmasını tələb etdim. Tacib bundan imtina etdi. Əsəbləşərək mağazada olan balta sapını götürdüm, əvvəlcə mağazanın qapısının şüşələrini, vitrinləri və orada olan bəzi əşyaları sındırdım. Sonra Tacibi vurdum”. 

Şöhrət deyib ki, bundan sonra həmin yerə onun atası Yuri və Tacibin anası Zəminə gəliblər: “Zəminə balta sapını  əlimdən almaq istədi. Həmin vaxt Zəminəni itələyərək yıxdım. Həmçinin əlimdəki balta sapı ilə onu da vurdum. Həmin vaxt Zəminə əlinə balta sapı alaraq başımdan vurdu. Başım qanadı və yüngül dərəcəli xəsarət aldım”. 

Digər təqsirləndirilən Yurinin sözlərinə görə, onun Tacibə borcu olub: “Kənd sakinlərindən eşitdim ki, Tacib adımı mağazaya borcu olan şəxslərin siyahısına qeyd edib və mağazanın giriş qapısına karton kağıza yazaraq yapışdırıb. Oğlum Şöhrət 2-ci Qarabağ Müharibəsinin iştirakçısı olub və müharibədən qayıtdıqdan sonra əsəbi olub. İyunun 24-də, axşam saatlarında Şöhrətlə bir qədər araq içdik. Sonra Tacibin mağazasına getdik. Orada onunla aramızda mübahisə yarandı. Mübahisə zamanı oğlum Şöhrət mağazada olan balta sapını götürdü, mağazanın qapısının şüşələrini və vitrinləri sındırdı. Həmçinin Tacibi vurdu. Həmin vaxt Şöhrətlə Tacibi ayırmaq istədim. Lakin sonradan mən də əsəbi olduğumdan Tacibi vurdum. Lakin Tacibi balta sapı ilə vurmadım, yumruqla vurdum. Hadisə yerinə Tacibin anası Zəminə də gəldi. Həmin şəxs xalamdır, onu vurmamışam. Əksinə Zəminə əlində olan balta sapı ilə oğlum Şöhrətin başına vurub. Hadisədən sonra Taciblə barışmaq istəmişəm. Lakin sonuncu mənimlə barışmamışam. Tacibə dəymiş ziyanı ödəyəcəm”.

Zərərçəkmiş Tacib həmkəndlilərinin ona borcu olmasından, Yuri və onun oğlu Şöhrət tərəfindən döyülməsindən danışıb. 

Qeyd edib ki, baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. Onun sözlərinə görə, ona hadisə zamanı 205 manat maddi ziyan dəyib. 

Hakim Zəminə barəsində hökm elan edib. Zəminənin barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilib. Barəsində olan cinayət işinə xitam verilib və cinayət məsuliyyətindən azad edilib. 

Yuri və Şöhrətin barəsində olan cinayət işi ayrıca icraatda istintaq davam etdirilir. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top