“Azərişıq”: “Bu, Azərbaycanın elektroenergetika sahəsində yenilikdir”

SƏNAYE VƏ ENERGETİKA 16 may 2022, 12:24
Şuşada Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi ilə Azərbaycanda elektroenergetika sahəsində bir sıra yeniliklərə imza atıldı. Bu mərkəz sayəsində bütün şəhər şəbəkəsinə birbaşa nəzarət etmə imkanı olacaq. Elektirik sərfiyyatı ilə bağlı məlumatlar abonentlərə kağız qəbzlərdə verilməyəcək. Elektron jurnalda qeydiyyat aparılacaq. Şuşa şəhərində mövcud olan 48 transformatoru 9 ədəd yeni qurulan stansiya əvəz edəcək. 

Bu barədə Demokrat.az-a “Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu məlumat verib:

“Onu da qeyd edim ki, biz Şuşa şəhərində digər yerlərdə gördüyümüz yerüstü xətləri görməyəcəyik. Şuşa şəhərində tamamilə yeraltı olacaq bu xətlər- izoliyasiyalı xətlər. Belə deyək, beton borular vasitəsilə abonentin özünə qədər tamam yeraltı olacaq. Bu həm Şuşa şəhərinin qoruq kimi estetik gözəlliyinə zərər verməmək üçün, həm də daha keyfiyyətli, daha dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçündür. 



Enerji sahəsində görülən bu işlər təkcə Şuşada yox, işğaldan azad edilən digər ərazilərdə də görülür. 

“İşğaldan azad olunmuş ərazilərin hamısında istər rayon mərkəzləri olsun, istər həmin ərazilərdə yerləşən xüsusi obyektlər olsun, istərsə də hərbi hissələr olsun- hamısı bu gün elektrik enerjisi ilə təmin olunur. Şəhərsalma baş planı təsdiqləyir, orda tələbat nə qədərdirsə, biz ona uyğun olaraq öz işimizi qururuq. Artıq işlərimiz gedir, demək olar ki, bütün rayonlarda bizim işlərimiz gedir. Eyni zamanda hazırda Zəngilanın Ağalı kəndi ağıllı kənd konsepsiyasına əsaslanır və ora biz 35 kilovatlıq yeni, izoliyasıyalı kabellərdən istifadə etməklə çox müasir bir xətt çəkirik.”

Elektroenergetika sahəsində ilk dəfə olaraq Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində günəş enerjisi istehsal edən panellər quraşdırılıb. Günəş panelləri ilə toplanan enerji qəza halında yarımstansiyada daxili təlabatın ödənilməsində istifadə olunur. 

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top