Birgə açılışlar Türkiyə-Azərbaycan münasibətlərinin bənzərsiz örnəyini bütün dünyaya nümayiş etdirir

GÜNDƏM 14 may 2022, 17:49
Dənizin üzərində inşa edilən nəhəng layihələrdən biri olan Rize-Artvin Hava Limanının açılışı təkcə qardaş Türkiyə dövləti üçün yeni logistik imkanlar yaradan, iqtisadi əhəmiyyətli hava dəhlizinin fəaliyyətə başlaması deyil, həm də siyasi çəkisi olan hadisə kimi tarixdə yerini alacaq. Hava limanının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevlə birgə açılması böyük məna ifadə edir. İki qardaş ölkə rəhbərinin növbəti dəfə bir araya gəlib mühüm layihənin həyata vəsiqə qazanmasına imza atması, ilk nöbvədə Azərbaycan-Türkiyə münasibətlərinin ən üst səviyyədə olduğunu və bu əlaqələrin ardıcıl inkişafı üçün davamlı addımların atılmasını ortaya qoyur. 

Belə önəmli layihələrin açılışında iki Türk liderinin iştirakı, birgə tarix yazması Qarabağın işğaldan azad olunmasından sonra bir növ ənənəyə çevrilməkdədir. Ötən il Türkiyə Prezidentinin Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı və bununla da hava limanında ilk rəsmi səfərin gerçəkləşməsi Türk tarixinin ən möhtəşəm səhifələrindən biridir. Bu gün isə Prezident İlham Əliyev Rize-Artvin Hava Limanına eniş edən ilk dövlət rəhbəridir. Ötən il Qarabağdakı strateji obyektin məhz Türkiyə Prezidentinin timsalında istifadəyə verilməsi, indi isə Rizədə Beynəlxalq Hava Limanının açılışının Prezident İlham Əliyevlə birgə edilməsi Türkiyə və Azərbaycanın  arasındakı dostluq və qardaşlığın ən nümunəvi, oxşarı olmayan örnəyinin bütün dünyaya nümayişidir.

Ötən il həmçinin, Türkiyə Prezidentinin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulmasında iştirakı, Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasiminin keçirilməsi, eyni zamanda Qarabağ münaqişənin başa çatması, ədalətin zəfər çalması, bölgənin həm sosial-infrastruktur layihələri ilə, həm də siyasi baxımdan yenidən dizayn edilməsi yönündə dünyaya verilən mühüm mesaj idi. İki qardaş ölkənin Liderləri bölgədə sülhün də, abadlaşmanın da memarlarının Azərbaycan və Türkiyə olduğunu dünyaya göstərmiş oldular.

Türkiyə Prezidentinin Şuşaya ilk rəsmi səfərində imzalanan “Şuşa Bəyannaməsi” isə iki ölkə arasındakı tarixi münasibətlərdə yeni, ən vacib səhifənin başlanğıcıdır. Türkiyə bir əsr bundan öncə Naxçıvanda necə bir təhlükəsizlik zəmanətini öz üzərinə almışdısa, Şuşada həmin zəmanəti öz üzərinə götürmüş oldu. Bu Bəyannamə hüquqi baxımdan möhkəmlənən müttəfiqliyin məntiqi tərkib hissəsi kimi bölgədə davamlı sülhə töhfə verən nəticələr doğurmaqdadır. “Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasında imzalanan tarixi müqavilələrin ən möhtəşəmi olmaqla, münasibətləri daha da möhkəmləndirir, iki xalqın tarix, soykök, din, dil, mədəniyyət birliyinə söykəndiyini yenidən təsdiqləyir. 

Tarixə nəzər salsaq, indi Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyinin çağdaş nümunəsi daha möhkəm, daha sarsılmazdır. Münasibətlər geridönüşü olmayan daha fərqli bir müstəviyə daşınıb. Mövcud münasibətlərin yaranmasında, tarixin ən qürurverici mərhələsinə qədəm qoymasında hər iki ölkə Prezidentinin rolu danılmazdır. Vurğulamaq vacibdir ki, İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz daha da inkişaf etdi və Azərbaycan qarşısında duran ən mürəkkəb, taleyüklü məsələlərin, xüsusilə Qarabağ probleminin həllinə nail oldu. Və Azərbaycan  öz tarixi inkişafının zirvəsinə yüksəldi.

Eyni mənzərənin Türkiyədə olduğu göz önündədir. Məhz  Rəcəb Tayyib Ərdoğanın  rəhbərliyi zamanında Türkiyə tarixinin ən güclü dövrünü yaşayır. Bu gün Türkiyə dünyanın aparıcı ölkələrindən birinə çevrilib və hazırda bütün sahələrdə yüksək tərəqqi, inkişaf sərgiləyir. 

İki daha da güclənən Türk dövləti Liderlərinin - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında  olan möhkəm dostluq münasibətləri ölkələr arasındakı daha güclü bağların yaranmasına əlverişli zəmin yaradıb. Bu, yalnız iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edən münasibətlərdir. Azərbaycan-Türkiyə əlaqələrində Türk dünyası üçün də möhtəşəm bir gələcəyin təməli var. Türkiyə-Azərbaycan tandemi indi bütövlükdə türk coğrafiyasının işıqlı gələcəyinin fundamentini təşkil edir. Bu münasibətlərin davamı olaraq Türk dövlətləri arasındakı əməkdaşlığn, qardaşlıq əlaqələrinin daha da güclənməsi və bütün Türk dünyası üçün yeni imkanlar açması günümüzün reallığına çevrilməkdədir.

Beləliklə, Türkiyə ilə Azərbaycanın birgə gücü, birgə hərəkət etməsi daha böyük nəticələr vəd edir. Bu strateji tərəfdaşlığın tükənməz perspektivləri var. Türkiyə və Azərbaycanın iki qardaş ölkə kimi bir yerdə irəli gedəcəyi, xalqlarımızın bir-birinə daima yaxın olacağı, dövlətlərimizin bundan sonra da həmişə uğurlu əməkdaşlıq edəcəyi heç kimdə şübhə doğurmur. Bu gün Azərbaycanın maraqları Türkiyənin, Türkiyənin maraqları isə Azərbaycanın maraqlarıdır və bu birliyin, qardaşlığın əbədi olması üçün olduqca güclü bağlar qurulub, qurulmaqdadır.

Elman Babayev
Əməkdar jurnalist
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top