Xan Şuşinskinin qızı: “O tədbirdə iştirak etmək məni xatirələrimə qaytardı”

İNCƏSƏNƏT 13 may 2022, 17:10
Dünən möhtəşəm açılışı baş tutan Şuşa V Xarıbülbül Beynəlxalq Folklor Festivalında iştirak edən, Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva-Cavanşirova təəssüratlarını Demokrat.az-la bölüşüb. O söhbətinə “Zəfər yolu”ndan başlayıb. 

“Əvvəla mən Şuşaya gedən “Zəfər yolu”ndan danışmaq istəyirəm.Elə gözəl yol çəkilib ki.. İnandırım sizi, Avropa gördüyünüz ən gözəl yollardan geri qalmaz. Elə yoldan başlayaraq, çox böyük quruculuq, abadlıq işləri həyata keçirilib. Şuşanın onsuzda təbiəti gözəldir, 30 ilə yaxın bir müddətdə düşmən nə qədər talan etsə də, dağıtsa da, o şəhərin qüruruna, əzəmətinə xələl gətirə bilməyib.”

Ötən il və bu il keçirilən “Xarıbülbül” festivallarının məzmun fərqindən söz açıb: 



“Builki “Xarıbülbül” festivalının da ötən ilki kimi çox möhtəşəm açılışı oldu. İstər səhnənin qurulması, istər gələn qonaqlara göstərilən diqqət və qayğı- hər şey yüksək səviyyədə idi. Dünyanın müxtəlif ölkələrindən folklor qrupları bu tədbirdə iştirak edirdilər. Tədbirdə ölkəmizin milli-mənəvi sərvəti olan muğamlarımız səsləndi. Builki “Xarıbülbül” festivalına isə dünyanın müxtəlif ölkələrindən mədəniyyət nümayəndələri özlərinin musiqiləri, folklor nümunələri ilə, rəngarəng proqramları ilə gəlmişdilər.Mən fikirləşdim ki, belə festivallar, tədbirlərin keçirilməsi çox sevindiricidir.  Bir nüansa fikir verdim ki, ötən il xüsusilə, Azərbaycanda yaşayan digər xalqlar özlərinin mədəniyyət nümunələri ilə bizim sevincimizə qoşuldular. Bu, bütün dünyaya bir mesaj idi ki, Azərbaycan həqiqətən də tolerant dövlətdir, multikultural dəyərlər xüsusi dəyər verir.”

Festivalın yağışlı havada reallaşması, yağışlı Şuşa onun uşaqlıq xatirələrini yada salıb:



“Festival başlayan kimi birdən-birə leysan kimi yağış yağmağa başladı. Ancaq bütün bunlara baxmayaraq, bütün tamaşaçıların tədbirdə sonadək iştirakı üçün şərait yaradılmışdı. Şuşanın yağışının da başqa gözəlliyi var. 

Yadıma gəlir ki, uşaq vaxtı biz Şuşada olanda mənim uzun hörüklərim var idi. Orda yağış güclü olur. Gedib yağışın altında dururdum, saçım islanırdı, saçımın ucundan yağış suları tökülürdü. Anam rəhmətlik deyirdi ki, ay bala, gəl evə, xəstələnərsən. Bir anda yağış kəsirdi, gün çıxırdı. Göyqurşağı əmələ gəlirdi. Bir gözəl ətir yayılırdı ətrafa.. Ona görə də yağışda o tədbirdə iştirak etmək məni xatirələrimə qaytardı. Hər dəfə Şuşaya gedəndə balaca uşağa dönürəm.”

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top