Mətbuat Şurası Məzahir Süleymanzadənin vəfatı ilə bağlı nekroloq yaydı

MEDİA 11 may 2022, 12:24
Mətbuat Şurası Məzahir Süleymanzadənin vəfatı ilə bağlı nekroloq yayıb.

Demokrat.az xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan jurnalistikasına ağır itki üz verib. Mənalı həyatını söz sənətinə həsr etmiş, keçdiyi ömür yolu peşəyə sədaqət nümunəsi kimi dəyərləndiriləcək qələm sahibi, Azərbaycan Mətbuat Şurasının Ağsaqqallar Məclisinin rəhbəri Məzahir Süleymanzadə vəfat edib. Mərhumun doğmalarına, əzizlərinə dərin hüznlə başsağlığı veririk.

Süleymanzadə Məzahir Bəybala oğlu 1952-ci il dekabrın 22-də Bakıda anadan olub. 1970-ci ildə Şamaxı şəhərindəki 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik edib. Hərbi xidmət müddətində Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib. 1974-1979-cu illlərdə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil alıb. 

M.Süleymanzadə müxtəlif illərdə “Leninskoe znamya”, “Krasnaya Zvezda”, “İdman” – “Sport” qəzetlərində, “Sovetski voin” jurnalında çalışıb. Daha sonra “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub.

1989-cu ildə böyük əziyyətlər hesabına Azərbaycanın müstəqil mətbuatının ilk qaranquşlarından sayılan “Səhər” qəzetini yaradıb. Bu nəşr 1990-cı ilin 20 Yanvar qırğınından dərhal sonra buraxılmış nömrəsinə görə mətbuat tariximizdə 2 milyon tirajla oxuculara çatdırılan ilk qəzet, şəhidlərimizin xatirəsinə ucaldılmış möhtəşəm söz abidəsi kimi tarixə düşüb. Çoxşaxəli yaradıcılıq diapazonuna malik M.Süleymanzadə Azərbaycan Televiziyasında proqram aparıcısı, radionun məşhur “Bulaq” verilişinin daimi müəlliflərindən biri olaraq tanınıb. Bununla yanaşı o, ölkəmizdə idman jurnalistikasının inkişafına da müstəsna töhfələr verib. 

Müxtəlif illərdə pedaqoji fəaliyyətilə diqqət çəkmiş veteran jurnalist yazıçı və publisist qələminin uğuru ilə də hər kəsi sevindirib, oxucuların dərin rəğbətini qazanıb. Onun çoxsaylı kitablarında özünü göstərmiş yaradıcılıq dəst-xətti Vətənə, torpağa, dogma yurda misilsiz bağlılıq nümunəsidir. Mövzu dairəsinin genişliyi və zənginliyi jurnalistin söz sənətində vətənpərvərlik anlayışına verdiyi bənzərsiz və təkrarsız tərifdir. 

Çoxillik əməyi Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmiş M.Süleymanzadə “Əməkdar mədəniyyət işçisi”, fəxri bədən tərbiyəsi və idman işçisi adlarına layiq görülüb.  O, eyni zamanda Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Mirzə Cəlil”, “Araz” Ali mükafatı, həmçinin Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı ilə təltif edilib.

Səmimiyyət, işgüzarlıq, qayğıkeşlik, nəciblik və alicənablıq nümunəsi, söz sənətinin təəssübkeşi olan ustad jurnalist Məzahir Süleymanzadənin yoxluğu onu tanıyan hər kəs üçün son dərəcə ağırdır. Bir daha mərhumun doğmalarına, əzizlərinə, saysız-hesabsız həmkarlarına, dostlarına dərin hüznlə başsağlığı verir, üzüntülərini və kədərlərini bölüşürük. 

Allah rəhmət eləsin!"



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top