NYT: “Aİ neftə olan tələbatını Azərbaycandan idxalı artırmaqla ödəməyə çalışacaq”

İQTİSADİYYAT 29 apr 2022, 22:31
Avropa İttifaqı gələn həftənin əvvəlində Rusiya neftinin idxalına mərhələli qadağa qoya bilər.

“Report” xəbər verir ki, bu barədə məlumatlı Avropa İttifaqı diplomatları və rəsmilərinə istinadən The New York Times (NYT) yazıb.

“Avropa İttifaqı ölkələri çox güman ki, gələn həftə Rusiya neftinə mərhələli embarqonu təsdiqləyəcək”, - qəzet yazır.

Mənbələrin məlumatına görə, Rusiya neftindən imtina ilə bağlı danışıqlar gələn həftəsonu davam edəcək, yalnız bundan sonra Avropa Komissiyası Aİ-nin daimi nümayəndələrinə neft idxalına qadağa qoyulması təklifini təqdim edəcək.

Bəzi avropalı diplomatlar və rəsmilər bildiriblər ki, blokun daimi nümayəndələri çərşənbə günü, mayın 4-də görüşəcək və gələn həftənin sonuna qədər embarqonun yekun təsdiqini elan edəcəklər. Qeyd olunub ki, blok ölkələrinin müvafiq tədbirin əhatə dairəsi barədə razılığa gəlməsi bir neçə həftə çəkib.
NYT qeyd edir ki, Rusiyadan neft idxalına qoyulan qadağa Aİ-nin altıncı sanksiyalar paketi çərçivəsində ən mühüm tədbir olacaq. Yeni sanksiyaların Rusiyanın ən böyük bankı Sberbank və Rusiyadan olan yüksək vəzifəli məmurlara da təsir edəcəyi gözlənilir.

Planlaşdırılan embarqo, tədricən olsa da, qlobal neft qiymətlərinə təsir göstərə bilər. Avropa rəsmiləri qeyd edir ki, Aİ neftə olan tələbatını Körfəz ölkələri, Nigeriya, Qazaxıstan və Azərbaycandan idxalı artırmaqla ödəməyə çalışacaq.

Rusiya Avropaya ən böyük neft tədarükçüsüdür. O, blokun illik neft ehtiyacının təxminən dörddə birini ödəyir ki, bu da Rusiyanın ümumi ixracının təxminən yarısıdır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top