Bayramov Darçiaşvili görüşü: Tiflis “3+3” formatına qayıdacaq?

GÜNDƏM 29 apr 2022, 18:35
“Bayramov-Darçiaşvili görüşündə müzakirəsi maraqla gözlənilən əsas məsələ Gürcüstanın bir müddət öncə qatılmayacağını dediyi Türkiyə və Azərbaycanın təşəbbüsü ilə regionda yaradılması planlaşdırılan “3+3” formatı haqda idi”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ötən gün Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili arasında baş tutan görüşü şərh edərkən deyib.

Onun sözlərinə görə, rəsmi Bakı və Ankara Gürcüstanın “3+3” formatında iştirakını istəyir:

“Hər iki ölkənin dövlət başçıları səviyyəsində də bu məsələ dəfələrlə dilə gətirilib. Bu mənada mümkündür ki, Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili ilə həmkarı Ceyhun Bayramov arasında bu məsələ ətrafında danışıqlar olub. Lakin Gürcüstanın mövqeyinin dəyişəcəyini düşünmürəm. Rəsmi Tiflis haqlı səbəblərdən “3+3” formatında Rusiya ilə birlikdə əməkdaşlıq etmək istəmir. Müqayisə olaraq bunu Azərbaycanın Ermənistanla KTMT başda olmaqla, bir çox təşkilatda əməkdaşlıqdan imtina etməsini göstərmək olar. Heç bir ölkə işğalı ilə bir masa arxasında əyləşib əməkdaşlıq etməz. Rəsmi Tiflis Abxaziya və Osetiya məsələləri həll edilməyəcəyi təqdirdə çətin ki, “3+3” formatına qayıtsın".

Politoloqun sözlərinə görə, Gürcüstan “3+3” əməkdaşlıq təşəbbüsünə Cənubi Qafqazın üç ölkəsinin cəlb olunacağı alternativ format təklif edir: “Gürcüstan bu təklif ilə bir müddətdir ki çıxış edir. Bu, rəsmi Tiflisin Bakı ilə əməkdaşlığa önəm verdiyini göstərir. Lakin Bakının bu alternativ təklifə konkret yanaşması yoxdur. Regionda qurulacaq alternativ əməkdaşlıq platformasında Kremli yox saymaq mümkün deyil. Nəticə etibarilə Ankara və Bakının Gürcüstanı 3+3 formatına qaytarmaq cəhdləri bundan sonra da davam edəcək. Məsələ ondadır ki, Gürcüstan Azərbaycan və Türkiyə ilə birgə Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Avropaya enerji resurslarını tədarük edən layihələrdə iştirak edir. Bu reallıqları nəzərə aldıqda Gürcüstansız “3+3” formatını təsəvvür etmək çətindir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top