“Azərbaycanda jurnalist peşəsinin nüfuzu qalxmalıdır”

MEDİA 28 apr 2022, 13:37
MEDİA-nın İnkişafı Agentliyinin yarandığı gündən diqqət yetirdiyi məsələlərdən biri də jurnalistlərin ixtisaslaşmasıdır. Qeyd etmək lazımdır ki, ötən müddət ərzində MEDİA bu məqsədlə jurnalistlər üçün bir neçə təlim proqramı həyata keçirib. Müxtəlif nazirlik və komitələrlə Agentliyin birgə keçirdiyi təlimlərin media nümayəndələrinin ixtisaslaşmasına müsbət təsirləri danılmazdır. Qarşıda da Agentliyin bu istiqamətdə bir sıra planları var.

MEDİA-nın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyir ki, təmsil etdiyi qurum bu istiqamətdə fəaliyyətini cari il ərzində də davam etdirəcək: "İqtisadiyyat mövzusunda yazan jurnalsitlərimiz üçün təlimlərimiz nəzərdə tutulub. Həmçinin idman mövzusunda yazan jurnalistlərimiz üçün də silsilə tədbirlərimiz planlaşdırılıb. Həmin təlimlərin bir qismi ADA Universiteti ilə, müəyyən hissəsi isə müvafiq təşkilatlar, nazirliklərə birgə keçiriləcək".

"Media haqqında" qanun barədə də fikirlərini bölüşən Natiq Məmmədli deyib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən cari il fevral ayının 8-də təsdiq olunmuş bu qanun Azərbaycanda yeni informasiya mühtinin yaradılmasının hüquqi təminatını verir: "Keçirdiyimiz təlimlər də məhz yeni media mühitində yüksək ixtisaslı jurnalistlərimizin hazırlanması və formalaşması üçündür. Bu mühitin əsas hüquq komponentini Media haqqında qanun təşkil edir. Ancaq peşəkarlıq məsələsi isə jurnalistlərin özlərindən asılıdır".

Agentlik rəsmisi media reyestrinin yaradılması məsələsinə də bir daha aydınlıq gətirib. Bildirib ki, "Media haqqında" qanundan irəli gələrək bu il ilk dəfə olaraq Azərbaycanda media reyestri yaradılacaq: "Media reyestri haqqında kifayət qədər maarifləndirmə işi aparmışıq. Bir daha qeyd edim ki, media reyestri Azərbaycanda media subyektləri və jurnalistlərin qeydiyyata alınması prosesidir. Bu vaxta qədər həmin prosesi müxtəlif dövlət orqanları tərəfindən həyata keçirilirdi. Bu ildən isə həmin proses MEDİA-nın İnkişafı Agentliyi tərəfindən aparılacaq. Media reyestri Azərbaycanın media mühitinə ciddi töhfələr verəcək. Xüsusilə də media mühitinin sağlamlaşdırılması istiqamətində. Təəssüflər olsun ki, Azərbaycanda peşəkar mediadan daha çox onun qeyri-peşəkar hissəsi mövcuddur ki, onlar jurnalist peşəsini nüfuzdan salırlar. Media reyestri artıq hər bir media subyekti üçün bir standartlar müəyyənləşdirib".

Natiq Məmmədlinin sözlərinə görə, son vaxtlar sayt açmaq dəb halını alıb və bəzi insanlarda belə qənaət yaranıb ki, sayt açmaq çox asan, yüngül bir fəaliyyət sahəsidir: "Ancaq onlayn media subyektləri üçün qanun və tələblər var. Əgər sayt açırsansa, həmin tələblərə əməl etməlisən. Yaxud qəzetlərin dövrülüyünə dair tələblər var. Bəlkə də bu inzibati yanaşma kimi qəbul edilər və opponentlərimiz hesab edərlər ki, jurnalist təbiəti ilə bu tələblər bir araya sığışmır. Ancaq belə tələblərin qoyulması jurnalistlərin öz təşəbbüsüdür və bizim keçirdiyimiz çoxsaylı görüşlərdə onlar tərəfindən bu fikirlər səslənib. Nəhayət ki, Azərbaycanda jurnalist peşəsinin nüfuzu qalxmalıdır. Jurnalistin sözünə, onun yazdığı fikrə etimad olmalıdır. Əgər cəmiyyət bizim qəzeti oxumur, bizim saytımıza baxmırsa, yaxud saytımızda ancaq əyləncə xarakterli materiallara baxırsa, bu bizim peşəmzin gələcəyini sual altında qoyur". Natiq Məmmədlinin sözlərinə görə, çox tədqiqatlar aparılıb və məlum olub ki, onlayn mediada istənilən istifadəçi hər bir internet saytına baxarkən uzağı 3 saniyə vaxt keçirir. O da oxumaq deyil, sadəcə nəzər yetirir. Əgər ona bizim səhifəmiz maraqlı gələcəksə, o zaman onu oxuyacaq. Maraqlı gəlməsə, başqa səhifəyə baxacaq. Çünki kifayət qədər seçim imkanı var. Həmçinin, Azərbaycanın media mühitində haqsız rəqabət var. Həmin haqsız rəqabət mühitində peşəkar jurnalistlərin fəaliyyəti görünmür. Media haqqında qanun, media reyestrinin formalaşması ilə Azərbaycanda əsası qoyulan yeni media mühitinin məqsədi jurnalist peşəsinin nüfuzunu qaldırmaqdan ibarətdir".

Agentlik rəsmisi deyib ki, yüksək ixtisaslı jurnalist, kadr cəmiyyət üçün çox vacibdir və Azərbaycan ədəbi dilində normal səviyyədə yazı yazan, normal səviyyədə fikrini ifadə edən həmkarlarımız az qalıb: "Tendensiya belə davam edərsə, onları biz barmaqla göstərməli olacağıq. Jurnalist Azərbaycan ədəbi dilinin daşıyıcısı, yaradıcısıdır. Bu baxımdan jurnalistlərin üzərinə çox böyük məsuliyyət düşür".(olaylar.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top