General Hikmət Həsənov Hərbi Akademiyada üzə çıxdı — FOTO

HƏRBİ 27 apr 2022, 21:56
Bu gün Azərbaycan və Gürcüstan müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil üzrə ekspertlərin işçi görüşü keçirilib.

Modern.az saytı xəbər verir ki, Müdafiə Nazirliyinin görüşlə bağlı yaydığı fotoşəkildə çoxdandır haqqında müxtəlif söz-söhbətlər dolaşan general-mayor Hikmət Həsənov da görüntülənib.

Bu, son 6 ayda Hikmət Həsənovun ilk görüntüsüdür.

Beləliklə, general-mayor Hikmət Həsənovun Silahlı Qüvvələrin Hərbi Akademiyasında xidmət etdiyi barədə bir neçə ay öncə yayılmış qeyri-rəsmi məlumat dolayısı ilə təsdiqlənib.
 
Xatırladaq ki, Hikmət Həsənov 2020-ci ilin sentyabrında - 44 günlük Vətən müharibəsi başlayarkən Silahlı Qüvvələrin Birinci Ordu korpusu komandiri vəzifəsində xidmət edirdi.

Hikmət Həsənov 2020-ci il oktyabrın 3-də Suqovuşanın azad edilməsinə görə Ali Baş Komandan İlham Əliyevin zəng vuraraq təbrik etdiyi ilk general və korpus komandiri olmuşdu.

Vətən müharibəsindəki Zəfərdən sonra generalın adı mediada bədnam “Tərtər işi” ilə bağlı hallandırılmış və onun haqqında müxtəlif ittihamlar səsələndirilmişdi.

2021-ci ilin 26 iyununda - ilk Silahlı Qüvvələr günündə təltif edilən hərbçilər arasında Hikmət Həsənovun adının görünməməsi diqqət çəkmiş və soaial şəbəkələrdə müxtəlif müzakirələrə səbəb olmuşdu.

Ötən ilin ortalarında isə onun Birinci Ordu korpusu komandiri vəzifəsindən çıxarıldığı haqda məlumatlar yayılmış, amma Müdafiə Nazirliyi xəbəri nə təsdiq, nə də təkzib etmişdi.

Sonradan generala yaxın mənbələr müharibə zamanı Hikmət Həsənovun olduğu zirehli maşının minaya düşməsi haqda xəbər yaymışdılar.

Ardınca isə generalın infarkt keçirərək, ürək əməliyyatına məruz qaldığı qeyd edilmişdi.
 
Nəhayət ötən ilin oktyabrında Baş Prokurorluq general-mayor Hikmət Həsənovun Ağdamın işğaldan azad olunmuş ərazisində zirehli maşında hərəkətdə olarkən minaya düşərək xəsarət alması ilə bağlı cinayət işinin başlanması barədə məlumat yayıb.
“General-mayor Hikmət Həsənovun 2020-ci il noyabrın 20-də işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşərək xəsarət alması faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.12-ci ( milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır".
Ötən il generala yaxın mənbələrin mediaya sızdırdığı xəbərdə onun sağaldıqdan sonra Hərbi Akademiyanın rəis müavini postunda xidmət etdiyi bildirilmişdi.

Hikmət Həsənov Vətən müharibəsindəki iştirakı ilə əlaqədar “Suqovuşanın azad olunmasına görə” medalı, "Qarabağ" ordeni ilə təltif edilib.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top