"Beynəlxalq ictimaiyyət ABŞ-a qarşı etirazını bildirməlidir" — Eldar Sabiroğlu

GÜNDƏM 26 apr 2022, 20:55
Amerika Birləşmiş Ştatları Prezident Baydenin simasında yürütdüyü ikiüzlü siyàsətini bütün çılpaqlığı ilə meydana qoydu. Yerişini və hafizəsini itirən Bayden erməni "soyqırımı"deyilən uydurma və yalan bir hadisəni tanıdığını aprelin 24-də bəyan etdi. O, bununla yeni faşist ideologiyasının təməlini qoyan irticaçı, işğalçı Ermənistanı açıq-aydın müdafiə etməklə, ədalətsiz dövlət başçısı olduğunu diqqətə çatdırdı.

Ümumiyyətlə, bu dövlətin son 45-50 ildə işlətdiyi siyasət yalnız öz məqsəd və maraqlarının qorunmasına, dünyada şiddətin yayılmasına əsaslanıb. Qaynar qazan başında oturmağı sevən ABŞ siyasi ənənəsinə sadiq qalaraq uzaq keçmişlərdən üzü bəri eyni dəsti-xəttin ipini əlində bərk-bərk saxlamaq üçün milyonların ölümünə öz imzasını atmaqdan belə geri durmayıb. Amerika üçün bəşəri hiss və duyğular yalnız və yalnız püskürdücü sözlərdən, şirnikləndirici və aldadıcı siyasi manevrlərdən başqa mahiyyətə əsaslanmır. Güdükçü siyasi mənafe ilə dünyaya şahlıq etmək olmaz.

Dəhşətli soyqırımın ilk bünövrəsini qoyan məhz ABŞ dövləti olmuşdur. Prezident Baydenin tarixi həqiqətləri ya bilmədən, ya da qəsdən etiraf etməməsi, nəhayət, bu məsələdəTürkiyəni hədəf götürməsi tamamilə siyasi həyasızlıqdır və hərbi müttəfiqini dini ideoloji tora salmaqdan özgə bir şey deyildir. Aləmin qarışdığı indiki dövrdə bu cür qızışdırıcı ermənipərəst mövqe nümayiş etdirməyin, eyni zamanda Qarabağa sülh gətirmək məqsədi ilə Azəbaycanın və Türkiyənin apardıqları birgə dinc və siyasi mübarizənin önünə daş itələməyin başqa adı varsa sizlər deyin, təkzibedici baxışları ortaya qoyun!!! Axı yeganə bir gerçəkliyin olduğunu bilə-bilə digər dövləti olmayan soyqırıma görə günahlandırmaq, Cənubi Qafqazda iki ölkənin həssas münasibətlərini məhvərindən çıxararaq onları yeni toqquşmaya cəlb etmək heç bir ədalətdən, insan hüquq və azadlıqlarına hörmətdən xəbər vermir. Elə isə yalan tarixin üst qatında oturan, 20-ci əsrdə erməni faşizminin rəzaləti nəticəsində 4 dəfə- 1905 və 1988-illər ərzində öz doğma ocağından deportasiya olunan bir milyona yaxın azərbaycanlının müsibətindən niyə bir kəlmə danışmır Prezident Bayden!!! Və ya onun dünya insanlığının gözü qarşısında baş verən Xocalı soyqırımı ilə bağlı bircə söz belə dilə gətirməməsinə nə ad vermək olar!? Nəhayət, atom nüvə bombası kəşf edildiyi andan cəmi bir dəfə insanlıq üzərində bu kütləvi qırğın silahından istifadə edilmişdir. Onu da Amerika Yaponiyanın Xirosima və Nakasaki şəhərlərində sınaqdan keçirmişdir. Yarım milyona yaxın günahsız insanın ölümünə səbəb olan ABŞ bu qanlı cinayətinə görə harada və hansı beynəlxalq qurum qarşısında cavab verib?! Təəssüf ki, belə bir fakt dünya tarixinə məlum deyil.

Nüvə bombasını atan pilotlardan ikisi sonralar psixoloji sarsıntı keçirərək həyatla vidalaşmışlar. Bu günün özündə belə kütləvi qırğın silahı öz fəsadlarını ağır formada göstərməkdədir. Az sayda olmayan doğulan uşaqlar ağır qan xəstəliyi olan leykozdan, yəni qan xərçəngindən 10-15 yaşında həyatla vidalaşırlar. Kütləvi soyqırım bax budur. Beynəlxalq ictimaiyyət bu gün dünyaya ağalıq etmək xəyalına düşən ABŞ-a qarşı öz etirazını bildirməlidir. Türkiyəsevərlərə səslənirəm: gəlin qardaşlarımıza atılan böhtana, şərə görə səsimizi ucaldaq!!! 24 aprel 2022-ci ildə ABŞ prezidenti Baydenin dünyada Türkiyənin nüfuzunun yüksəldiyindən ehtiyat edərək qəsdən uydurma erməni "soyqırımı"nı tanıdığını bəyan etdi. Və elə həmin gün də erməni faşizminin törəmələri küçələrə çıxaraq Baydenə öz razılıqalarını ifadə edərək irəvanda Türkiyənin və Azərbaycanın bayraqlarını yandırdılar.

Eldar Sabiroğlu
Sabiq millət vəkili, Silahlı Qüvvələrin ehtiyatda olan polkovnik

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top