Deputat: “Qurultayın Şuşada keçirilməsinin çox böyük tarixi əhəmiyyəti və rəmzi mənası var”

GÜNDƏM 22 apr 2022, 14:00
“Vətən müharibəsində qazanılmış möhtəşəm zəfərimizdən sonra 22-23 apreldə ilk dəfə olaraq Azərbaycanın və Türk dünyasının Mədəniyyət paytaxtı olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçiriləcək. Əlbəttə ki, bu tədbirin Şuşada keçirilməsinin çox böyük tarixi əhəmiyyəti və rəmzi mənası var”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. Deputat bildirib ki, Dünya azərbaycanlıları V Qurultayda bütün dünyaya bir daha nümayiş etdirəcəklər ki, haqq-ədalət öz yerini tapıb və Qarabağ əzəli Azərbaycan torpağıdır:

“Bu reallığı isə Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasəti mümkün edib. Şuşa şəhərində keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı, həmçinin xaricdə yaşayan soydaşlarımızın, mövcud təşkilatların fəaliyyətinin koordinasiyası, milli həmrəylik və birlik ideyasının reallaşdırılması işinə də öz gələcək töhfəsini verəcək. Heç kəsə sirr deyil ki, dünyanın hər bir tərəfinə yayılmış Azərbaycan diasporasının Vətən müharibəmizdəki qələbənin qazanılmasında böyük xidmətləri olub. Bu, danılmaz faktdır. İndi onlar Şuşanı öz gözləri ilə görəcəklər və bura gələn diaspora nümayəndələrimiz Şuşadan qayıtdıqdan sonra ilk növbədə hamının ürəyinin döyündüyü o müqəddəs torpağın ecazkar, füsunkar təbiətini, eyni zamanda bu müddət ərzində güclü Azərbaycan dövlətinin bu işlərin öhdəsindən necə gəldiyini öz ölkələrində təbliğ edəcəklər”.

 Millət vəkilinin sözlərinə görə, bu qurultay öz miqyasına görə Şuşada keçirilən ən böyük tədbirdir:

“Qurultayın məhz Şuşada təşkil olunması Azərbaycanın tarixi qələbəsinin legitimliyinin möhkəmlənməsinə xidmət edir. Qurultayın Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilməsi, təbii ki, onu mədəniyyət paytaxtdan başqa bir növ siyasi paytaxta da çevirir. Qeyd edim ki, qurultayda tarixi zəfərimiz, eyni zamanda postmüharibə dövründə diasporumuzun qarşısında duran vəzifələr müzakirə olunacaq. Qarabağın yenidən qurulması və bərpası ilə bağlı diasporla fəaliyyətin gələcək istiqamətləri müəyyən ediləcək ki, bu da qurultaya xüsusi önəm verir. Eyni zamanda, Cənab Prezidentimizin qurultay zamanı çox gözəl çıxışı oldu. Prezidentimiz çıxışında Ermənistanın vandallığı, işğalı, torpaqlarımızın azad olunması, müzəffər ordumuzun cəsarəti, qəhrəmanlığı barəsində söz açdı. Qeyd edim ki, Cənab Prezidentin çıxışı həm Azərbaycan, həm də Dünya Azərbaycanlıları üçün bir mesajdır ki, artıq biz qalib ölkəyik. Qarabağ Azərbaycandır! Bizim sayəmizdə uzunmüddətli işğaldan sonra həm Qarabağı, həm də Şuşanı böyük inkişaf, tərəqqi gözləyir”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top