Media nümayəndələri üçün inklüziv təhsillə bağlı seminar keçirildi

MEDİA 19 apr 2022, 17:23
Bakıda media nümayəndələri üçün inklüziv təhsillə bağlı seminar keçirilib.

Demokrat.az xəbər verir ki, seminar Medianın İnkişafı Agentliyi (MEDİA) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə baş tutub.

RİİB-in əməkdaşı Fərid Süleymanov inklüziv təhsilin inkişafı ilə bağlı son illər ərzində görülən işlərdən danışıb.

O bildirib ki, indiyədək bu istiqamətdə iki böyük layihə həyata keçirilib:

“Bu layihələr keyfiyyətli inklüziv təhsil üçün vacib olan ən mühüm amilləri, yəni kadr hazırlığı, əyani vəsaitlər, dərslik və metodik vəsaitlər, yardımçı texnologiya, elektron resurs bazası, bilik və təcrübənin yayılmasını təmin edən resurs mərkəzləri, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi kimi məsələləri əhatə edib. Əlillik və inklüziv təhsilin əhəmiyyətini vurğulayan maarifləndirmə işləri RİİB tərəfindən həyata keçirilən bütün layihə və tədbirlərin əsas tərkib hissələrindəndir”.

MEDİA-nın əməkdaşı Səbinə Seyidova inklüziv təhsillə bağlı problemlərin mediada işıqlandırılmasına toxunub:

"İnklüziv təhsillə bağlı materiallar hazırlayarkən sağlamlıq imkanları məhdud şəxsləri cəmiyyətin bərabərhüquqlu üzvü kimi təqdim etmək, onları nümayiş etdirərkən görüntü və ifadələri həssaslıqla seçmək, peşə etikasına uyğun davranmaq zəruridir.  Çünki əsas məqsəd ilk növbədə auditoriyada sağlamlıq imkanları məhdud şəxslərə düzgün münasibət formalaşdırmaqdır. Paralel olaraq inklüziv təhsil müəssislərindən insanları xəbərdar etmək, insnalarda inklüziv təhsilin effektivliyinə inam yaratmaq vacibdir".

Seminarın sonunda jurnalistlərin sualları cavablandırılıb.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top