Ukraynadakı səfirliyimiz Kiyevə nə vaxt qayıdacaq?

GÜNDƏM 19 apr 2022, 13:42
Ukraynanın paytaxtı Kiyevdə Rusiya ilə müharibə təhlükəsi səngidikcə xarici ölkələr öz diplomatik nümayəndəliklərini yenidən şəhərə köçürdürlər. Artıq 17 diplomatik nümayəndəliyin Ukrayna paytaxtında öz işini bərpa etdiyi bildirilir.

Belə ki, Avropa İttifaqı, Fransa, İtaliya, Latviya, Litva, Estoniya, Polşa, Türkiyə, Çexiya, Sloveniya, Vatikan, Moldova, Gürcüstan, İran, Qazaxıstan, Tacikistan və Türkmənistandan olan diplomatlar Kiyevə köçüblər.

Ukrayna Xarici İşlər Nazirliyi isə diplomatik nümayəndəliklərin Kiyevdə öz fəaliyyətini bərpa etməsini dünyanın Ukraynanı dəstəklədiyinin və ölkəyə inandığının sübutu kimi dəyərləndirib.

Bir müddət əvvəl Ukraynadakı vəziyyətlə əlaqədar Kiyevi tərk edən diplomatik nümayəndəliklər siyahısında Azərbaycan səfirliyi də var idi. Belə ki, martın 8-i diplomatlarımız Ukraynanın Lvov şəhərinə köçürülmüşdülər. Bundan əvvəl isə, martın 4-də Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova və diplomatların ailələri həmin ölkədən təxliyə edilmişdi.

Baş verənlər fonunda Azərbaycanın Ukraynadakı səfirliyinin də Kiyevə köçürülməsi məsələsi gündəmə gəlib.

“Qafqazinfo” məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə sorğu göndərib. XİN-in sözçüsü Leyla Abdullayeva qeyd edib ki, Ukraynadakı vəziyyətlə əlaqədar olaraq, bu ölkədə səfirliyin fəaliyyətinə daha geniş kontekstdə, təhlükəsizlik prizmasından yanaşılır: “Mövcud şərait imkan verəcəyi və müvafiq qərar qəbul ediləcəyi təqdirdə səfirliyimiz Kiyevdə fəaliyyətinə geri dönəcək. Hazırda isə bildiyiniz kimi, səfirliyimiz Lvov şəhərində fəaliyyətini davam etdirir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top