Şuşada keçiriləcək Zəfər Qurultayı ilə bağlı videoçarx hazırlandı

DİASPOR 19 apr 2022, 12:24
Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək Zəfər Qurultayı ilə bağlı videoçarx hazırlanıb.

Videoçarxda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad olunan ərazilərə səfərlərindən, həmin rayonların sakinləri ilə görüşündən görüntülər, eləcə də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə builki müraciətindən fikirlər əksini tapıb.

Bundan əlavə videoçarxda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Vətən müharibəsi dövründə Azərbaycana dəstək məqsədilə keçirdikləri aksiyalarından görüntülər yer alıb.

"Bu gün əminəm ki, dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər", - Azərbaycan Prezidentinin dünya azərbaycanlıları ilə bağlı bu fikirləri də videoçarxda səsləndirilib.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı Şuşada keçiriləcək. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır.

Xatırladaq ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq.




Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top