“Azərbaycan gəncliyi öz vətənpərvərliyi ilə nümunədir”

SOSİAL 17 apr 2022, 17:04
 Yazı Medianın İnkişafı Agentliyinin layihəsi çərçivəsində hazırlanmışdır

Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Gənclərin vətənpərvərlik tərbiyəsinin, milli şüurunun inkişafı, mənzil - məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi və digər məsələlərin həlli üçün dövlət proqramları qəbul edilib, prezident fərmanı və sərəncamları imzalanıb. 


Həmiçinin, beynəlxalq hüquq prinsiplərinə əsaslanan qanunvericilik bazası yaradılıb. Prezident İlham Əliyevin rəhbərliyi altında bu istiqamətə xüsusi diqqət və qayğı göstərilməkdədir. Gənclərin milli mənlik şüurunun inkişafı, onlarda vətənpərvərlik ruhunun tərbiyəsi istiqamətində silsilə ədəbi-mədəni tədbirlər həyata keçirilir. Mediada, kütləvi informasiya vasitələrində xeyli sayda maarifləndirici məlumatlar, yazılar, süjetlər hazırlanır. 

Şübhəsiz ki, bütün bunlar gənclərimizin milli ruhda böyüməsi istiqamətində atılan əsas təməl addımlarıdır. Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dönəmində biz bunun müsbət nəticələrini gördük. Son 17 il ərzində gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində aparılan kompleks işlər bizə savaş meydanında son 200 ilin ən möhtəşəm qələbəsini bəxş etdi.

Milli Məclisin üzvü Cavid Osmanov Demokrat.az-a açıqlamasında bildirib ki, ümumillikdə bir xalqın vətənpərvərlik ruhunda yetişməsi ilk növbədə həmin xalqın milli təhlükəsizliyini təmin edir. Deputat vurğulayıb ki, bu baxımdan vətənpərvərlik dedikdə, bu sözdə deyil, ümumillikdə əməldə göstəriləcək bir amildir:

“Vətənə bağlılıq, vətən sevgisi, vətənpərvərlik hissləri hər bir şəxsin şəxsi maraqlarını Vətən yolunda qurban verməyə hazır olması deməkdir. Ümumillikdə, son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. Birincisi, onu xüsusi qeyd etmək istəyirdim ki, məhz ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu sahədə ulu öndərimiz Heydər Əliyev tərəfindən çox böyük, nəhəng işlər görüldü. Ölkəmizin ən ağır dönəmində, müstəqilliyimizin əldən getdiyi bir dövrdə, ölkəmizin parçalanması astanasında olduğu bir dövrdə, vətəndaş qarşıdurması olan ağır zamanda, ölkəmizi xaos, anarxiya bürüdüyü bir zamanda, düşmən Ermənistan tərəfindən ölkəmizə işğal siyasəti yürüdülən bir dönəmdə ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev ilk növbədə məhz vətənə bağlılığı, vətənə sevginin aşılanması istiqamətində çox mühüm addımlar atdı. Onun siyasətinin başlıca istiqaməti azərbaycançılıq məfkurəsi idi ki, bunun da tərkib hissəsinin iki əsas prinsipi var idi: vətənpərvərlik və dövlətçilik. Hər iki istiqamət məhz milli təhlükəsizliyimizi təmin edirdi”.

C.Osmanov hesab edir ki, ölkədə yaranmış mühit, multikultural dəyərlərin inkişaf etdirilməsi, torpağımızın qorunması istiqamətində çox böyük əməli işlər görülüb:

“Dahi şəxsiyyət Heydər Əliyev hər bir azərbaycanlı üçün örnək idi. Ulu öndər təkcə ölkəmizdə yaşayan vətəndaşları deyil, ümummillikdə dünya azərbaycanlılarının vətənə sevgi ilə yanaşması üçün böyük çağırışlar etmişdi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etdi. Onların qurultayının ölkəmizdə həyata keçirilməsinin təməlini qoydu. Bütün bunlar əlbəttə ki, dahi şəxsiyyətin nəhəng fəaliyyətinin bir nəticəsi idi. 

Eyni zamanda, 2003-cü ildən sonra prezident cənab İlham Əliyev də Vətənə sevgi ilə yanaşılması istiqamətində çox böyük işlər gördü. Elə məktəblərdən başlanan müxtəlif hərbi idman oyunları, “Ölkəmizi tanıyaq” layihələri, müxtəlif inşa, yazı müsabiqələrinin keçirilməsi, xaricdə yaşayan soydaşlarımızın işinin daha da keyfiyyətli aparılması üçün atılmış addımlar, ölkə gənclərinin xaricdə təhsil almasına şərait yaratdı. 

Həmçinin, onlar üçün yaradılmış münbit şərait və daha sonra Azərbaycan üçün onların göstərdiyi xidmətlər, eyni zamanda məhz güclü ordu quruculuğu, ümumillikdə azərbaycançılıq ideologiyasının çox ciddi şəkildə bu sahədə maarifləndirmə işlərinin aparıldı. Bütün bunlar ölkəmizdə yaşayan dinindən, dilindən asılı olmayaraq, Azərbaycan vətəndaşlarının hər biri üçün yaradılmış şəraitdir. Onların birgə yaşayışının çox yüksək səviyyədə təmin olunması və hər birinin Vətəninin Azərbaycan olmasının aşılanması, bütün bunlar əlbəttə ki, görülən işlərin bir hissəsidir”.

Deputat bütün bunların dövlətin vətənpərvərlik istiqamətində həyata keçirdiyi çox mötəbər işlər olduğunu vurğuladı: “Əlbəttə ki, bütün bunların nəticəsini 44 günlük Vətən müharibəsində məhz xalqımızın milli birlik nümayiş etdirməsində gördük. Xalqımız doğurdan da milli birlik nümayiş etdirərək Müzəffər Ali Baş Komandamızın ətrafında birləşdi. Cəmi 44 gün ərzində rəşadətli Azərbaycan ordusu əsl vətənpərvərlik nümunəsi göstərərək dünya tarixində misli görünməmiş qəhrəmanlıq, şücaət, vətənə bağlılığı, Vətən sevgisinin bir nümunəsi, modelini bütün dünyaya təqdim etdilər. Torpaqlarımızı düşmən işğalından azad etdilər. Əlbəttə ki, 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmiz əsrlər boyu Azərbaycan xalqının vətənpərvərlik ruhunda yetişməsi üçün ən böyük maarifləndirici bir istiqamət olacaq”.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə isə Demokrat.az-a açıqlamasında diqqətə çatdırdı ki, bu gün Azərbaycan gəncliyi ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai-siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran formalaşmış gənclikdir. 

Ekspertin sözlərinə görə, dünyada baş verən hadisələr fonunda illərdir qazanılan bu vərdişlərin cari nəticələrini görmək heç də çətin deyil: “Gənclərin mənəvi inkişafının ön sırasında duran ictimai maraqlar hərfi mənada Azərbaycan gəncliyini təşkil edən gənclərin rifahının ifadə olunduğu, individual mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün sayan bir anlayışdır. Bu anlayışın tanınması, təbliği və müdafiəsi hökumət və gənclər siyasəti sahəsində çalışan qurumlar tərəfindən sığortalanır. Lakin müasir cəmiyyətlərdə bu məfhum daha geniş və çoxşaxəli anlam kəsb etməklə dövlət-gənclər münasibətlərinə birbaşa təsir edir. Ölkəmizdə gəncliyin mənəvi maraqlarının mükəmməl vəhdəti ulu öndər Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideyası çərçivəsində təkmilləşməkdədir. Ümummilli liderin irəli sürdüyü bu konsept dövlət, cəmiyyət maraqları və gənclərin  mənəvi maraqlarının vəhdəti kimi bütün azərbaycanlıları birləşdirən zəruri, güclü bir zəmin rolunu oynadı. Bu zəmin əsasında inkişaf etməkdə olan müasir hüquqi, milli-dövlət quruculuğu siyasətində “xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır” prinsipi həyata keçirilir”. 

F.Həsənzadə qeyd edib ki, gənclərin mənəvi inkişafı məfhumu ölkənin tarixindən, mədəniyyətindən, ənənələrindən, dəyərlərindən, siyasi və intellektual elitanın cəmiyyətindən ayrılmazdır: “Xüsusilə, müasir dövrdə sosial şəbəkələrin qloballaşan cəmiyyətdə güclü təsirini nəzərə alan zaman, ictimai və dövlət maraqlarının müdafiəsi məsələsinin məhz müvafiq kontekstdən təhlili gənclərin öhdəsinə xüsusi vəzifələr qoyur. Belə ki, gənclərin də informasiya məkanının nəhəng şəbəkəyə çevrildiyi bir zamanda dövlət maraqlarını müdafiə etməli və uca tutmalıdırlar. Sərhədsiz mövqelərin və iddiaların arasında Azərbaycan həqiqətlərini tutarlı şəkildə təbliğ etmək dövlətlə bərabər gənclərin hər bir üzvünün də məsuliyyəti deməkdir. Çünki söhbət maraqların qarşılıqlı müdafiəsindən gedirsə, bu zaman gənclər ilk öncə dövlətin marağını qorumalıdırlar. Bu istiqamətdə xüsusilə Azərbaycan gəncliyinin  üzərinə böyük yük düşür”. 

Müsahibimiz yetişməkdə olan gənc nəslin sağlamlığının qorunmasının zəruriliyini qeyd edərək təmsil etdiyi qurumun bu sahədə ardıcıl tədbirlər həyata keçirdiyini nəzərə çatdırdı. O, gənclərin sağlamlığının qorunması istiqamətində dövlətin gördüyü işlər barədə məlumat verərək, qeyri-hökumət təşkilatlarının da birgə səy göstərməsinin vacibliyini vurğuladı:

“Belə ki, gənc və yeniyetmələrin fiziki inkişanın diqqətdə saxlanması, genefondumuzun sağlamlığının təmin edilməsi ilə ən başlıca amildir. Bütün bunları nəzərə alaraq, cari ildə Bakının 7 rayonunda, həmçinin regionlarda gənc və yeniyetmələrin sağlamlıq forumlarının həyata keçirilməsi nəzərdə tutulub. Forum yeniyetmə və gənclərin sağlamlığının qorunması, fiziki tərbiyəsinin inkişaf etdirilməsi, habelə onların zərərli vərdişlərdən uzaqlaşdırılması və sağlam həyat tərzi keçirmələrinə kömək etməyi nəzərdə tutur. Forum çərçivəsində məlumatlandırma sessiyaları ilə yanaşı, gənclər üçün pulsuz tibbi müayinələr, məsləhət saatları, habelə məktəblilər arasında sağlamlıqla bağlı yazı müsabiqələri, sərgilər və maarifləndirici kampaniyalar təşkil olunacaq. Bu baxımdan, gənclər təşkilatlarının gənclərin fiziki inkişafı ilə bağlı məsələləri diqqətdə saxlaması Azərbaycanın sabahına hesablanmış mühün bir öhdəlikdir”.

Ekspert əlavə edib ki, hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var: “Bu gənclərin yetişməsi üçün isə cəmiyyət özü zəmin yaratmalıdır. Milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün 5-10 il bəs etmir, bunun üçün illər lazımdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ideoloqların qarşısında duran çox mühüm vəzifədir. Azərbaycan gəncliyi bölgədə öz vətənpərvərliyi, milli mənlik şüuruna sahib olan gənclər kimi başqalarına nümunə oldu. 44 günlük müharibə Azərbaycanda vətənpərvər gənc nəslin yetişdiyinin bir isbatıdır. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər vətənpərvərlik ruhunda böyümüş gənc nəslin qələbəsidir. Həqiqətən də, İkinci Qarabağ müharibəsində gənclərimizin göstərdiyi şücaət bir vətənpərvərlik məktəbidir. Gənclərimizin bu gün dövlət başçısı İlham Əliyevin Fərmanı ilə hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri də onlarda Vətən sevgisinin böyüklüyünün təsdiqidir. Bu gün fəxrlə deyə bilərik ki, gənclərimiz İkinci Qarabağ müharibəsində əsl qəhrəmanlıq nümayiş etdirirərək bükülmüş belimizi dikəltdilər. Mənfur düşmənizin saxta mifini darmadağın etdilər. Təbii ki, belə vətənpərvər, qəhrəman və peşəkar gəncləri olan Vətən heç vaxt yenilməyəcək, daim öz şan-şöhrətini və qüdrətini qoruyub saxlayacaq. İnanıram ki, bundan sonra da ölkəmizdə vətənpərvər gənclərimiz yetişəcək. Daim 44 günlük Vətən müharibsəindəki kimi rəşadət göstərəcəklər!”.

Aynurə Pənahqızı
Demokrat.az

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top