Elxan Məmmədov Azərbaycanı Ermənistana və Mozambikə necə uduzdurur?! — HAQLI SUALLAR

TƏHLİL 15 apr 2022, 16:48
Təxminən iki həftə öncə Azərbaycanın futbol üzrə milli komandası FİFA reytinqində 8 pillə gerilədi. Nə az, nə çox, dünyada futbol üzrə düz 129-cu yerdəyik. Adam bilmir gülsün, yoxsa ağlasın. Çünki FİFA-nın reytinqində Azərbaycandan öndə olan ölkələri görəndə belə vəziyyət yaranır.

Farer adaları, Hindistan, Tailand, Nambia, Mavritaniya, Anqola, Qırğızıstan, Vyetnam, Fələstin, hətta Mozambik komandaları reytinqə görə Azərbaycandan üstündür. Ən acınacaqlısı isə hər şeyi ilə Azərbaycandan geridə qalan, Vətən müharibəsindən sonra gələcək siyasi mövcudluğu belə Azərbaycandan asılı olan Ermənistan futbol üzrə bizdən çox-çox irəlidədir.

Futbolumuzun acınacaqlı vəziyyəti haqda çox deyilib, çox yazılıb, amma dəyişən heç nə yoxdur. AFFA rəhbərliyi faktiki olaraq heçnə etmir, yaxud nə tənqidlərdən nəticə çıxarır, nə də belə demək mümkünsə “sözə baxır”.



Məgər Azərbaycanda futbola Mozambikdən azmı dəstək var?! Yaxud Ermənistanın çoxmu pulu var ki, bu gün futbol üzrə milli komandalarına reytinqdə aşağıdan yuxarıya doğru baxırıq.

Axı FİFA-nın reytinqində bizdən üstün olan ölkələrin nəinki futbola maliyyə yardımı ayırmaq imkanı var, hətta sosial-iqtisadi çətinliklər içində yaşayırlar. Axı necə olur ki, tamamilə xarici yardımlardan asılı olan Ermənistan futbolu Azərbaycan futbolundan öndədir?! Məgər Azərbaycan futbolçuları erməni futbolçulardan zəif oynayırlar?! Əsla yox.

Müasir futbolun fəlsəfəsi maliyəyə və maliyyənin doğru xərclənməsi ilə stabil inkişafa söykənir. Azərbaycanda dövlət büdcəsindən hər il futbolun inkişafına milyonlarla maliyyə yardımı ayrılır, eləcə də əlavə mənbələrdən maliyyələşmə təmin edilir. Belə demək mümkünsə, Azərbaycan futbolunun oynamaq üçün hər şeyi var. Amma və lakin...

AFFA-nın rəhbərliyi yerində deyil. İllərlə Azərbaycan futboluna rəhbərlik edən Elxan Məmmədov ayrılan milyonlarla vəsaitin hara xərcləndiyinin hesabatını vermir. Təbii ki, ayrılan maliyyə ilə futbolun reytinqini, göstərilən nəticələri müqayisə edən haqlı suallar yaranır.



Milyonlar hara xərclənir? 

Dövlət büdcəsinin vəsaiti necə talan edilir?

İllərdir bu suallar cavabsız qalıb. AFFA rəhbərliyi isə haqlı suallara aydınlıq gətirmək, futbolu inkişaf etdirmək əvəzinə jurnalistləri,  hüquq müdafiçilərini, yaxud da haqlı irad bildirənləri, hansısa tənqid edənləri məhkəmə verir. Həm məhkəmələri yorur, həm tənqidləri susdurmağa çalışır, həm də futbolun inkişafı ilə bağlı bir addım belə atmırlar.

Elxan Məmmədov, tənqid edənlərin yox, bütün Azərbaycan futbolumuzun Ermənistandan, Nambiadan, Mavritaniyadan, Mozambikdən geridə qalmasının cavabını vermək lazımdır!

Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top