Ermənistanda açılan Overton pəncərəsi — ANALİZ

SİYASİ 15 apr 2022, 14:21
Ermənistanın baş naziri Nikol Paşinyan “Dağlıq Qarabağın statusu” məsələsində israr etməyəcəyini, “aşağıdan gedəcəyini” açıqladı. Onun bu çıxışından sonra Ermənistandakı hakim partiyanın- “Mülki sözləşmə” fraksiyasının üzvü Viqen Xaçatryan parlamentdə bəyan etdi ki, "zaman Dağlıq Qarabağın Azərbaycanın tərkibində gələcəyi yoxdur" ideyasının səhv olduğunu göstərib”. Başqa sözlə, sərt olmağın axırının hansı qidanı qəbul etməklə bitdiyini görən İrəvan hökuməti Azərbaycana “mülayimik” mesajı verir.

Ermənistanın siyasət kluarlarında rezonans doğuran bu bəyanatlar əslində Ermənistan üçün Overton pəncərəsidir. Paşinyan Azərbaycana Overton pəncərəsindən boylanır. İkinci Qarabağ savaşından öncə nöqtə qoyduğu, “vəssəlam, məsələ bitmişdir” dediyi mövzulara həm yenidən nəzər salır, həm də ehkamlarından imtina edir.

Gəlin, açıq danışaq.

Ermənistan özünü birinci Qarabağ savaşının qalibi kimi görürdü. Torpaqlarımız işğal olunmuşdu. İrəvan öz havadarlarına Azərbaycanın hərbi güc tətbiq etməsinin mümkünlüyü barədə çıxışlarını “ritorika” hesab edəcək qədər güvənirdi. Ancaq bir səhər- 2020-ci ilin sentyabrın 27-də bizim şanlı ordumuz əks-hücuma keçəndə erməni istibleşmeti anladı ki, zamandan daha rasional istifadə etmiş və müstəqilliyini təsdiqləmiş Azərbaycan qarşısında acizdirlər, prezident Əliyev işğalçıları diz çökdürmək üçün tarixi savaşa başlayıb. Savaşın ilk həftəsində işğalçı ordunun Azərbaycan Silahlı Qüvvələri qarşısında davam gətirə bilməyəcəyi artıq İrəvandakı hakimiyyətə də, müxalifətə də, onların bağlı olduqları beynəlxalq dairələrə də bəlli idi. Ermənistan Azərbaycanın başladığı əks-hücumu dayandırmaq üçün çox çalışdı, ancaq təslim olmaq istəmədiyi, təslim olacağı təqdirdə işğalçı ordu bölmələrinin qayıdıb İrəvanda çevriliş edəcəyindən çəkindiyi üçün daha çox itki verməyi üstün tutdu. Şuşanın azad edilməsindən, qoşunlarımız Xankəndinə dirənəndə sonra isə kapitulyasiya imzalamaqdan başqa çarəsi qalmadı. Əminəm ki, Azərbaycanın Ali Baş Komandanı işlətdiyi bu cümləni hər birimiz yaxşı xatırlayırıq: “Şuşasız bizim işimiz yarımçıq qalardı”. Əgər Ermənistanın baş naziri Nikol Paşinyanın son çıxışlarına diqqət edirsinizsə, o, öz cəmiyyətinə bəzən birbaşa, bəzən dolayı yolla məhz o həqiqəti anladır ki, Xankəndindəki mövcud vəziyyətə aldanmayın, Azərbaycanın işi yarımçıq qalmayıb. Çünki Şuşa kimdədirsə, Qarabağda söz sahibi odur.

Bəli, bu gün Azərbaycan ordusunun Şuşada, Laçında və Kəlbəcərdə olması Qarabağ münaqişəsini hərbi baxımdan bitmiş vəziyyətə gətirir. İkinci Qarabağ savaşında ordusunun 3/2-i itirmiş Ermənistanın vaxt qazanması, revanşa hazırlaşması, “neft erası bitəcək, Azərbaycan iqtisadi cəhətdən çökəcək” mifinə aldanaraq, loru dildə desək, danışıqlar masasında gah nala, gah mıxa vurmasının heç bir əhəmiyyəti yoxdur. İkinci Qarabağ savaşından sonra Azərbaycan üç ciddi əməliyyat keçirib. İlk əməliyyatda Üçtərəfli Bəyanatı pozub partizanlıq eləmək istəyən erməni diversantlarını qandallayıb Bakıya gətirib. Ondan sonra Qaragöl-Zod istiqamətində yeni hərb tarixində anoloqu olmayan bir şəkildə- “sillə-təpik”lə erməni ordusunu sözün əsl mənasında mənən sındırıb. Nəhayət, Fərrux yüksəkliyini buldozerlə irəliləyərək nəzarətə götürüb. Nədən müqavimət göstərə bilmir Ermənistan ordusu? Çünki başa düşürlər ki, Xankəndi Şuşanın ayağının altındadır, işğalçı ordunun qalıqları Qarabağda mühasirədədir, Laçın dəhlizi kəsilərsə, hətta Rusiya sülhməramlıları da sınıq-salxaq qoşunlarının bir neçə gün ərzində tamamilə məhv edilməsinin qarşısını ala bilməz. Odur ki, Nikol Paşinyanın başqa əlacı yoxdur. O, Ermənistan cəmiyyətinin dünənə qədər “qəbuledilməz” saydığı məsələlər barədə açıq danışmalı, ictimai rəyi və siyasəti dəyişməldir.

Brüssel danışıqları ərəfəsində İrəvanda təşkil olunan aksiyalar elə Paşinyanın öz marağında idi. O, İlham Əliyevin qarşısına “vallah, mən Azərbaycanın şərtlərini qəbul edirəm, amma görürsünüz, cəmiyyətdə etiraz var” bəhanəsi ilə çıxmaq istəyirdi. Ancaq görünür prezident Əliyev Nikol Paşinyana çox ciddi xəbərdarlıq edib ki, onun da əks-sədası Ermənistandan “Azərbaycan istədiyini parça-parça alacaq” açıqlaması ilə gəldi. Brüssel danışıqlarının ən əsas siyasi nəticəsi isə o oldu ki, ATƏT-in Minsk Qrupu rəsmən iflasa uğradı, hətta dünən Rusiya xarici işlər naziri ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Xovayevi Azərbaycan və Ermənistan arasında münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə təyin etdi. Bu, Rusiyanın “proses bizim nəzarətimizdə getməlidir” mesajıdır.

Azərbaycan bu mesajdan narahat deyil. Çünki “Dəmir yumruq” əməliyyatının hədəfi Ermənistanı sülhə məcbur etmək idi. Məcburetmə əməliyyatı hərbi baxımdan Azərbaycanın qələbəsi ilə tamamlanıbsa, deməli, rəsmi Bakı üçün prioritet sülh müqaviləsinin maksimum qısa müddətdə imzalanmasıdır. Bu prosesə Rusiya, ABŞ, Avropa dövlətləri, hətta Afrika ölkələri töhfə verəcəksə, buyursun, etiraz yoxdur. Azərbaycan sadəcə normallaşmaya dəstək missiyalarının ATƏT-in Minsk Qrupu kimi elan olunan məqsədin əleyhinə fəaliyyət göstərməsinə imkan verməməlidir və verməyəcək. Ancaq Ermənistan üçün məsələ bu qədər sadə deyil. Çünki Paşinyanı hakimiyyətə gətirən Qərb dairələri ondan Ermənistanı Rusiyanın nəzarətindən çıxarmağı tələb edirlər. Bu amili nəzərə aldıqda göz önündə fərqli bir mənzərə canlanır: əgər Ermənistan sülh müqaviləsinə Avropanın nüfuz dairəsindəki ölkə kimi imza atmaq istəyəcəksə, buna Rusiya, əksinə, Rusiyanın for-postu kimi qol çəkmək istəyəcəksə, Qərb imkan verməyəcək. Rusiya-Ukrayna savaşı Qərb dövlətləri ilə Kremli açıq formada qarşı-qarşıya gətirdiyindən məsələ tərəflər üçün daha prinsipial səciyyə daşıyır. Ermənistan Qərbdən və Rusiyadan gələn qəti mesajlardan başqa həm də Azərbaycanın şərtlərini yerinə yetirməli, konkret olaraq işğalçı ordusunun qalıqlarını Qarabağdan çıxarmalıdır. Bu, hazırlanmaqda olan sülh sazişinin deyil, Üçtərfəli Bəyanatın İrəvanın boynuna qoyduğu öhdəlikdir. Ermənistan qoşunları Xankəndi və ətrafından çıxır, qondarma rejim aradan qaldırılır və prosesə nəzarəti Üçtərəfli Bəyanata əsasən Rusiya həyata keçirir. Əgər sülh sazişi imzalanana qədər Rusiya bu formul üzrə hərəkət etməzsə, onda istər-istəməz Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində təşəbbüsü Qərbə vermiş olacaq. Müqavilənin açıq şərtlərindən biri də heç şübhəsiz işğalçı ordunun Xankəndi və ətrafından çıxarılması olacağından bu halda Rusiya sülhməramlı missiyasının Qarabağda qalmasına Qərbin təsirinə düşmüş Ermənistan 2025-ci ildə “yox” deyəcək.

Əlbəttə, Paşinyanın yolayrıcında qalmasından onu rəqibləri istifadə edəcək, “Sivil sözləşmə” hakimiyyətini dəyişməyə və devirməyə çalışacaqlar. Bu prosesdə əsas iddiaçılardan biri heç şübhəsiz Xankəndidəki silahlı çətə lideri Arayik Arutyunyandır. Dünən Arayik aradan qaldırılması zaman məsələsi olan “DQR parlamenti”nin iclasını çağırıb və xüsusi bəyanat yayaraq Paşinyana savaş elan edib. Qarabağda erməni seperatizmi başlayan gündən təkcə Azərbaycan torpaqları deyil, Ermənistanın siyasi gündəmi, müstəqilliyi və rejimi də siyasi işğala məruz qalıb. Seperatçılar hər zaman bunu “Dağlıq Qarabağın Ermənistanın zirehi olması” ilə əsaslandırıb. Zireh 44 gündə dəlmə-deşik edilib, Ermənistan lüt qalıb. Bu halda Ermənistan üçün ən yaxşısı, necə deyərlər, öz qabığına çəkilmək, öz qəlibinə dönməkdir. Ancaq Qarabağ klanının Ermənistanda iki dəfə hakimiyyət formalaşdırdığını nəzərə alanda Arayikin qəlbindən həmin “qəlib”i Nikolun əlindən almaq keçməsi təbiidir. Arutyunyanın əlində Ermənistan elitasını şantaj etməyə ciddi kompramatlar var. Çirkli pulların yuyulması, narkotik və insan ticarəti, intim görüntülər, nəhayət ikinci Qarabağ savaşı ilə bağlı məlumatlar onu Ermənistanın iç siyasəti üçün təsirli fiqura çevirir. Ancaq Arayiki İrəvanda iqtidara aparan yol seçkidən deyil, terror və çevrilişdən keçir.

Taleh Şahsuvarlı,
AzNews.az analitik-informasiya portalının baş redaktoru

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top