Arzu Nağıyev: “Çağdaş dünyamızda ən mühüm amil güclü orduya, güclü iqtisadiyyata sahib olmaqdır”

GÜNDƏM 13 apr 2022, 13:47
“Azərbaycan prezidenti Cənab İlham Əliyevin siyasətində ən prioritet istiqamətlərdən biri dövlətin təhlükəsizliyinə təhdidinin qarşısının alınması, suverenliyin qorunmasıdır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Deputatın sözlərinə görə, ölkəmizdə bunu həyata keçirən ən ciddi qurumlardan biri Azərbaycan ordusudur:

“Təbii ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğunun yenidən inkişaf etdirilməsi, daha ciddi texnika ilə təmin edilməsi, kadr potensialının inkişaf etdirilməsi çox mühüm məsələdir. Ən başlıcası isə Xüsusi Təyinatlı Qüvvələrinin şəxsi heyətinin sayının artırılması, daha doğrusu müharibədən sonra yeni qoşun növü – Komando növünün yaradılması qarşıya qoyulan əsas hədəflərimiz sırasında olmalıdır. Bundan başqa, NATO standartlarına uyğun dövlətlərlə təlimlər, o  cümlədən “Qafqaz Qartalı” təlimləri keçirilməsi ordunun inkişafı üçün mühüm amildir. Yəni, müharibə bitsə belə, ölkəmizdə ordu quruculuğu davam etməli və bu sahədə daha ciddi işlər görülməlidir”. 

Millət vəkili qeyd edib ki, dövlət büdcəsindən ordu quruculuğuna hər il ciddi vəsaitlər ayrılır: 

“Bu gün dünyada nə qədər beynəlxalq hüquqdan danışsalar da, güc hər bir məsələdən üstündür. Çünki çağdaş dünyamızda ən mühüm amil  güclü orduya, güclü iqtisadiyyata sahib olmaqdır. Ona görə də, daim ordunun yanında olmaq, orduya dəstək olmaq önəmlidir. Xatırladım ki, Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində də göstərdi ki, hibrid müharibənin aparılmasını  təmin edə bilir. Yəni, istər havada, istər quruda, istər dağ şəraitində, istərsə də səhra şəraitində mütləq şəkildə bu sahədə mühüm addımlar atır. Məlum məsələdir ki, dünyada bütün ordular müxtəlif yerlərdə keçirilən təlimlər vasitəsilə özlərinin taktikasını, strategiyasını inkişaf etdirir. Buna görə də, Azərbaycan ordusu üçün ayrılan vəsaitlər, Cənab İlham Əliyevin  də qeyd etdiyi kimi, quruculuq işlərinin davamı üçün çox mühüm əhəmiyyət kəsb edir”.
 
Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top