Ekspert: “Kartof idxalı ilə məşğul olanlar bu sahəni monopoliyaya alıblar, qiyməti də bahalaşdırırlar”

AQRAR-SƏNAYE KOMPLEKSİ 07 apr 2022, 16:53
Son illər respublikamızda sahibkarlığın inkişafı üçün ciddi tədbirlər görülüb. Buna baxmayaraq, hələ də bazarlarda xarici məhsullar yerli məhsulları üstələyir. Bu gün bazarlarda yerli kartofu tapmaq üçün saatlarla gəzməli olursan. Bazarlarda yerli məhsullar azaldıqca isə onların yerini geni dəyişdirilmiş xarici məhsullar tutur. Keyfiyyətcə yerli məhsullardan dəfələrlə aşağı olsa da, bir çox alıcı görünüşünə və qiymətinə görə həmin məhsulları alır. Bazarlarda yerli məhsulu sıxışdıran bu məhsullar əsasən Pakistan, İran, Türkiyə və Rusiyadan gətirilir. Bəs, yerli kartoflara niyə rast gəlinmir?

Məsələyə münasibət bildirən aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, yerli kartofun rast gəlinməməsinin səbəbi istehsalın az olması ilə bağlıdır. Ekspert bildirib ki, ixrac edilən kartof yalnız paraşdır və o da az həcmdədir: 



“Keçən il dövlətə kartof qıtlığı yaranacağını və istehsalın azaldığını bildirirdi. Təəssüf ki, Kənd Təsərrüfatı Nazirliyi israrla sübut etməyə çalışırdı ki, istehsal çoxdur və yeni kartof çıxana kimi, hətta, iyul ayına kimi bəs edəcək. Lakin hazırda İran, Türkiyə, Gürcüstan, Pakistandan kartof idxal olunmağa başladı. Yəni, kartof istehsalı azaldığı üçün idxal da artıb”. 

Ekspert əlavə edib ki, idxal monopoliyada olduğu üçün kartofun qiyməti kəskin şəkildə bahalaşıb: “Yerli kartofun tapılmamasının səbəbi də budur. Azərbaycan hər il 200 min tona qədər kartof idxal edir. Azərbaycanın istehsal etdiyi kartof idxalla bir yerdə normaya uyğun, yəni Azərbaycan əhalisinin tələbatını təmin etmir. Normalda bir il ərzində adam başına 117 kiloqramdır. Bu normanı Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin “Fau” təşkilatı verib. Azərbaycan isə adam başına 70 kiloqram istehsal edir. Hətta, bunun bir hissəsi xarab olur, itkiyə gedir, bir hissəsi xarab olduğu üçün mal-qaraya yedizdirilir. Bu da o deməkdir ki, Azərbaycan kartof istehsalı ilə ciddi məşğul ola bilmir. Ciddi məşğul ola bilmədiyi üçün özünü təmin edə bilmir və idxaldan asılılıq var. Digər tərəfdən idxalla məşğul olanlar bu sahəni monopoliyaya alıb və qiyməti istədikləri vaxt bahalaşdırırlar”.

Nəzrin Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top