Politoloq: “Artıq rus ordusundan ancaq bağ və bostanlarda “qorxuluq müqəvvası” kimi istifadə etmək olar”

GÜNDƏM 06 apr 2022, 12:19
Rusiyanın “sülhməramlı” hərbi kontingentinin komandanlığı müvəqqəti məsuliyyət zonası olan Azərbaycan torpaqlarında müşahidə postlarının sayını artırıb. Bu, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı”lara aid bölmədə dərc edilmiş xəritələrdən bəlli olur. Belə ki, diqqətlə müşahidə etdikdə məlum olur ki, 10 noyabr 2020-ci ildən bəri ilk dəfə olaraq “sülhməramlı”ların xəritələrində qeyd edilən müşahidə post və məntəqələrinin sayı artırılıb.  Bu, Rusiyanın nəyinə lazımdır?

Suallımızı cavablandıran BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Demokrat.az-a açıqlamasında bildirdi ki, Rusiyanın Qarabağdakı "sülhməramlı" kontingentinin müşahidə postlarının artırılmasının tək səbəbi Rusiya ordusunun Ukraynada yox olan imicidir. Yəni, Rusiya Azərbaycan ordusunun bu imicə vuracağı son zərbə ilə tamamilə yox olmasının qarşısını almağa cəhd edir: 

“Fərrux dağı və kəndi ətrafında baş verən son hadisələrdən sonra Rusiya hərbi komandanlığı başa düşür ki, artıq rus ordusundan ancaq bağ və bostanlarda "qorxuluq müqəvvası" kimi istifadə etmək olar. Bu bağ və bostanları da hələlik erməni əhalinin yaşadığı Qarabağın kiçik bir ərazisi hesab etmək olar. Müşahidə zonasını artırmaqla Rusiya hakim dairələri hesab edirlər ki, Azərbaycanın gözünü qorxuda və ordunun yerdəyişməsinin qarşısını ala bilərlər”. 

Artıq bu oyunların keçmişdə qaldığını qeyd edən politoloq əlavə edib ki, ermənilər də son çırpınışlarını edirlər: “Ermənistan toplumu və hakimiyyəti Ukraynaya qarşı Rusiyanı dəstəkləməklə özünü tamamilə dalana dirəyib. Bunu ABŞ-ın Ermənistana ayırdığı illik maliyyə dəstəyi də sübut edir. Qarabağ separatçılarına isə heç bir vəsait ayrılmayıb. Qərb artıq öz prioritetlərini dəqiqləşdirir. Bu baxımdan da, Ermənistanın Rusiyanın yanında olmaqdan başqa çarəsi qalmayıb. Azərbaycan regionun və dünyanın hesablaşdığı bir dövlətə çevrilib. Azərbaycan artıq Qərbin və Avropanın məşvərət etdiyi, fikrini qəbul etdiyi və sözünə önəm verdiyi ölkədir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top