Şəhidləri alver predmetinə çevirənlər — YAZI

SİYASİ 06 apr 2022, 10:40
Ötən həftə Fərrux kəndinin təmizlənməsi və Milli Ordumuzun nəzarətinə keçməsi məsələsində özünü “yandıran”, məqsədinin Azərbaycanın maraqları, eləcə də qazandığımız qələbələr deyil, şəxsi ambisiyaları olduğunu dönə-dönə sübut edən Əli Kərimli bu biabırçılığından sonra kənara çəkilmək bilmir, Ordumuza qarşı qarayaxma kampaniyasına görə üzr istəmir, əvəzində isə yenə də öz cılız populizminə davam edir.

Bu dəfə Əli Kərimli və ətrafı öz klassik təbliğatlarını təkrarlayır, şəhidlərimizin üzərindən xal qazanmağa çalşırlar. Nə cəm dəyişib, nə də toplananlar.

Eyni şəbəkə eyni iddialarını davam etdirir və hər dəfə təsdiq edirlər ki, onlar üçün maraqlı olan nə Vətən, nə şəhidlər, nə şəhid ailələri və qazilər yox, yalnız öz ambisiyalarıdır. Monitor arxasına qədər kiçilən bu qrupun ambisiyaları da o qədər cılızlaşıb ki, klaviaturaya sarılaraq, şəhidlər üzərindən siyasi qazanc əldə etməkdən başqa əllərindən heç nə gəlmir.

Bu dəfə söhbəti uzaqdan – Ukraynadan başlayıblar. İddia edirlər ki, Ukrayna və Rusiyada həlak olan əsgərlərə böyük məbləğdə yardım edilir, niyə Azərbaycanda edilmir. Halbuki, Azərbaycanda birinci və ikinci Qarabağ müharibəsində şəhid olanların ailələrinə birdəfəlik yardım edilməklə yanaşı, aylıq müavinət verilir, eləcə də qazilərə hərtərəfli sosial dəstək göstərilir. 

Ümumiyyətlə, bu istiqamətdə genişmiqyaslı addımlar atılır: birdəfəlik yardım, aylıq müavinət, əlavə imtiyazlar, işlə təmin etmək, fərdi sahibkarlığa dəstək, kommunal güzəştlər, təhsil şəraitinin yaradılması, mənzil problemlərinin həlli, ailə təsərrüfatının yaradılmasına göstərilən kömək və saydıqca bitməyəcək digər işlər.

Bunu şəhid ailələri də, qazilər də yaxşı bilir, Azərbaycan xalqı da görür. İndiyə qədər görülən işləri müxalifət adına iddia edən bu marginal qrupa xatırlatmağın da faydası yoxdur. Çünki onlar həqiqəti bilmək, görmək, eşitmək istəmirlər. Onlar üçün yeganə məsələ gündəmdə qalmaq üçün mövzunun olması, olmasa da, nəsə bir şeyin tapılmasıdır.



Ukraynada gedən müharibə rafikal müxalifətin mövzu tapmasına xeyli yardım edib. Bir gün Azərbaycanın Ukraynaya dəstək vermədiyi haqda reallıqdan uzaq, absurd iddialar irəli sürürlər, hətta, Ukraynanın Bakıdakı səfirliyinin önündə min oyundan çıxırlar, bir gün də Ukraynanın üzləşdiyi çətin vəziyyətdən sui-istifadə edərək, xal qazanmaq istəyirlər, başqa gün başqa iddialarla çıxış edirlər.

Amma dəyişən heçnə yoxdur, yenə eyni populizm, yenə şəhid adından siyasi alver etmək mərəzi davam edir. 

Eyni məsələnin Əli Kərimli ilə yanaşı, ətrafındakılarının da tirajlaması, hətta bir çox hallarda cümlələrin də eynilik təşkil etməsi sübut edir ki, kampaniya eyni mərkəzdə hazırlanır, tapşırıq eyni yerdən verilir. İstisna deyil ki, bu tapşırığı onlara verən xaricə bağlı olduqları dairələrdir və onlara ötürülən tezislərə uyğun fəaliyyət göstərirlər, təbii ki, maliyyə qarşılığında.

Bu, bir daha təsdiq edir ki, onlar üçün müqəddəs heç nə yoxdur. Nə Vətən, nə də bu Vətən uğrunda canlarını fəda edən şəhidlər. 

Ötən həftə Əli Kərimlinin Fərrux kəndi ilə bağlı sərgilədiyi mövqe bunun sonuncu əyani nümunəsi hesab edilə bilər. O və ətrafının indi şəhid adından alver etmək istəyi də məqsədlərinin nə şəhidlər, nə şəhid ailələri, nə də qazilər olmadığını aydın şəkildə göstərir.

Onlar üçün əsas olan xaricdən verilən tapşırıqları sorğusuz-sualsız icra etmək, hətta, Azərbaycan dövləti və xalqının əleyhinə olsa belə, nəsə mövzu taparaq, gündəmdə qalmaq, varlıqlarını davam etdirmək və bütün bunların qarşlığında pul qazanmaqdır. Şəhid adını da məhz bu məqsəd üçün yenidən alver predmetinə çeviriblər.

Zaur Hacılı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 may 2022, 18:34
Top