DSX ölkəyə külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısını aldı — FOTOLAR

HADİSƏ 05 apr 2022, 09:09
Son günlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 34 kiloqram 370 qram narkotik vasitəyə, 3557 ədəd psixotrop tərkibli həbə bənzər maddələrin və 957 ədəd dərman preparatının qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

DSX-nin Mətbuat Mərkəzindən Demokrat.az-a verilən məlumata görə, mart ayının 31-də saat 22:25 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin İran-Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunmuşdur.

Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, qeyd olunan ərazi qapadılmış və nəzarətə götürülmüşdür. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə aşkarlanmış 1 ədəd bağlamaya baxış zamanı ümumi çəkisi 10 kiloqram 500 qram narkotik vasitəyə (5 kq 200 qram “marixuana”, 4 kq 200 qram “tiryək”, 1 kq 100 qram “heroin”) bənzər maddələr və 2000 ədəd psixotrop tərkibli Metadon M40 dərman preparatı aşkarlanaraq götürülmüşdür.

Aprel ayının 2-də saat 23:17 radələrində Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonu Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 naməlum şəxsin əraziyə yaxınlaşması sərhəd naryadının diqqətini cəlb etmişdir.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağ¬lama götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edən naməlum şəxs saxlanılmışdır. Saxlanılan şəxsin 1997-ci il təvəllüdlü Ağsu rayonu Qaraqaşlı kənd sakini Quliyev Nicat Vahid oğlu olması müəyyənləşdirilmişdir. Onun üzərindəki bağlamaya baxış keçirilən zaman ümumi çəkisi 20 kiloqram 325 qram narkotik vasitəyə (14 kq 460 qram “marixuana”, 450 qram “metamfetamin”, 510 qram “heroin”, 4 kq 905 qram “tiryək”) bənzər maddələr, 957 ədəd və 10 qram ovulmuş şəkildə dərman preparatı aşkar olunaraq götürülmüşdür.

Aprel ayının 3-də saat 12:22 radələrində Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Mincivan qəsəbəsi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulması cəhdinin qarşısı sərhəd naryadı tərəfindən alınmış, sərhəd pozucusu əlindəki qaçaqmalı yerə ataraq ərazinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçmışdır. Keçirilmiş sərhəd axtarışı tədbirləri nəticəsində Araz çayı boyu ərazidə aşkarlanmış 1 ədəd bağlamaya baxış zamanı çəkisi 3 kq 545 qram narkotik vasitəyə (“marixuana”) bənzər maddə, 200 ədəd psixotrop tərkibli Metadon M40 dərman preparatı və 400 ədəd üzərində B2 nişanəsi olan psixotrop tərkibli həb aşkarlanaraq götürülmüşdür.

Faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 may 2022, 18:34
26 may 2022, 18:14
Top