Separatçılar Rusiyaya birləşmək qərarı verdi, Gürcüstan antirusiya sanksiyalarına qoşuldu

REGİON 01 apr 2022, 11:45

Cənubi Osetiya separatçıları Rusiyaya  birləşmək üçün yaxın həftələrdə referendum keçirəcəklərini elan etməsindən sonra Gürcüstan Qərbin Rusiyaya qarşı tətbiq etdiyi maliyyə sanksiyalarına qoşulmaq qərarı verib. Prezident Salome Zurabişvili ötən gün CNN telekanalının efirində bu haqda bildirib.

“Biz Rusiyaya qarşı bütün beynəlxalq maliyyə sanksiyalarında iştirak edirik və bu da artıq özlüyündə bizim maliyyə sektorumuz üçün nələrsə deməkdir”,-Zurabaşvili deyib. Habelə o Gürcüstanın Ukrananın dəstəklənməsinə yönəlmiş bütün beynəlxalq qətnamələri də dəstəklədiyini açıqlayıb.

 

virtualaz.org xatırladır ki, Rusiya Ukraynaya qarşı hərbi təcavüzə başlayanda Gürcüstanın baş naziri İrakli Qaribaşvili Qərbin  bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayacağını açıqlamışdı. Və Gürcüstan hökumətinin bu qərarı izdihamlı etiraz aksiyalarına səbəb olmuşdu. Qaribaşvili hökumətin qərarını belə əsaslandırmışdı ki, o Tbilisiyə doğru hərəkət edən Rusiya tanklarını görmək istəmir. Üstəlik Gürcüstanın Rusiya ilə ticarət əlaqələri var və sanksiyalardan ilk növbədə yerli ixracatçılar əziyyət çəkərdi.

Lakin belə görünür ki, Cənubi Osetiya separatçılarının Rusiyaya birləşmək qərarlarını elan etməsi Tbilisinin mövqeyində dəyişikliyə səbəb olub. Görünür Gürcüstanda hesab edirdilər ki, Ukraynaya dəstək verməsələr və sanksiyalara loyal qalsalar Kreml separatçı bölgələri birdəfəlik ilhaq qərarı verməz. Hadisələrin inkişafı isə göstərir ki, Kremlə loyallıq nümayiş etdirmək hələ Rusiya təhlükəsindən sığortalanmaq üçün kifayət etmir.

Gürcüstan müxalifəti də Cənubi Osetiya separatçılarının Rusiyaya birləşmək qərarlarını açıqlamasını hakimiyyətin yürütdüyü siyasətin nəticəsi hesab edir. “Avropa Gürcüstanı” partiyasının lideri Giqi Bokeriya qeyd edib ki, Sxinvali regionunun ilhaq edilməsi hökumətin ölkənin milli maraqlarını qorumamasının nəticəsidir.

“Hərçənd Sxinvali regionunun ilhaq edilməsi Putin rejimi tərəfindən həyata keçirilsə də bizim bədbəxtliyimiz ondadır ki, hökumət bütün bu illərdə milli maraqların müdafiəsi üçün fəaliyyət göstərməyib, düşmən isə bizə qarşı fəaliyyətini davam etdirib”,-o deyib.

Həbsxanada olan eks-prezident Mixeil Saakaşvili isə bildirib ki, hakimiyyəti Sxinvali bölgəsinin ilhaq ediləcəyi haqda xəbərdar etmişdi. “Məhz o baş verir ki, mən son illər ərzində bu barədə xəbərdarlıq edirdim. Onlar (hökumət) düşünürdü ki, əgər biz heç nə etməsək, gizlənsək Rusiya bunu etməyəcək. Amma Bibilov (Cənubi Osetiya separatçılarının rəhbəri) öz çıxışı ilə çoxillik təbliğatı suya atdı. Nəticədə biz praktiki olaraq müttəfiqlərsiz qaldıq, bu böyük təhdid qarşısında mariginallaşdıq. Heç olmasa indi düşünsünlər və birliyə doğru, beynəlxalq ictimaiyyətlə iş aparmağa doğru addım atsınlar”,-Saakaşvili bildirib.(virtualaz.org)

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top