“Ermənistanda atılan hər gülləyə görə hansısa xüsusi tədbir planlaşdırmalı deyilik” (ÖZƏL)

GÜNDƏM 29 mar 2022, 22:41
Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının Ermənistanın İranla Mehri ərazisindəki sərhədində yerləşən hərbi hissəsinin təlim poliqonunda atış təlimləri başlayıb. Mehri şəhər meriyasından hərbi təlimlərin martın 31-dək davam ediləcəyi bildirilib.

Məsələyə münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev Demokrat.az-a açıqlamasında vurğulayıb ki, Rusiya Federal Təhlükəsizlik Xidməti uzun illərdir ki, Ermənistan ərazisində təlimlər keçirir.

“Ermənistan öz sərhədlərini qoruya bilmədiyi üçün bu fəaliyyətlər sırf Rusiyanın sərhəd qoşunları tərəfindən həyata keçirilir. Bu təlimlər əvvəl də keçirilib, indi də keçirilir, gələcəkdə də keçiriləcək. Əvvəllər izlədiyimiz materiallardan məlumdur ki, Rusiya bu təlimlərə yüngül silahlar və yüngül texnikalarla cəlb olunur. Bu təlimlərin harada keçirilməsindən asılı olmayaraq bunlar Azərbaycan üçün heç bir təhdid törətmir. Lakin aidiyyatı qurumlarımız təlimləri yaxından izləyir və zəruri olan fəaliyyətləri, tədbirləri də görürlər”.

Türkiyə ilə Azərbaycan təlimlərə gəlincə, hərbi ekspert vurğulayıb ki, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda olan tədbirlərinin keçirilməsi planlaşdırılır:

“Odur ki, biz Ermənistanda atılan hər gülləyə görə hansısa xüsusi tədbir planlaşdırmalı deyilik. Amma bu da ayıq-sayıqlığımızı itirmək anlamına gəlməz”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top