Deputat: “Bu gün Azərbaycan ordusu dünyanın ən müasir inkişaf etmiş orduları sırasındadır”

GÜNDƏM 28 mar 2022, 15:34
“9 noyabr sazişinin tələblərinə əsasən Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmiş rus sülhməramlıları orada sülh və təhlükəsizliyin davamlı olmasına nail olmalı idilər. 

Həmin sazişin əsas maddələrindən biri rus sülhməramlıları Qarabağın ermənilər yaşayan bölgəsinə daxil olduqdan sonra burada olan həm erməni silahlı birləşmələri aid olan, eyni zamanda yerli Qarabağdan silahlanmış insanların tərkisilah etməli və həmin ərazilərdən çıxarılmalı idilər. Amma zaman keçdikdən sonra artıq uzunmüddətdir ki, biz görürük ki, sülhməramlılar məsuliyyət zonalarında öz üzərlərinə düşənləri icra edə bilmirlər. Bəzən bu məsələlərə çox dırnaq arası baxırlar. Bu da təbii ki, istər Azərbaycan xalqında, istərsə də Azərbaycan ordusunda böyük hiddətə səbəb olur. Çünki sülhməramlıların cavabdeh olduğu ərazilərimizdə erməni silahlı birləşmələri hələ də qalmaqdadır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib. Deputat vurğulayıb ki, erməni silahlı birləşmələrinin bu ərazilərdə qalması bölgədə sülhün və təhlükəsizliyin davamlı şəkildə davam etməsinə böyük təhlükə yaradır: “Bu nöqteyi-nəzərdən hesab edirəm ki, ya sülhməramlılar öz üzərinə düşdüyü vəzifənin məsuliyyətini dərk etməli, ya da bu ərazilərdə öz funksiyalarını yerinə yetirə bilməməklərini özləri də etiraf etməlidirlər”. 

Millət vəkili vurğulayıb ki, bu gün dövlətimiz bir tərəfdən işğaldan azad olunmuş ərazilərimizdə quruculuq, bərpa proseslərini həyata keçirir, digər tərəfdən isə Azərbaycan ordusu bu ərazilərdə davamlı sülhü və təhlükəsizliyi davam etdirir: “Bu əlamətlərdən biri bu yaxınlarda Azərbaycan ordusu tərəfindən bu ərazilərdə keçirilmiş əməliyyat və bunun nəticəsində Qarabağda öz mövqelərimizi biraz da möhkəmləndirməsidir. Təbii ki, bu gün Azərbaycan ordusu dünyanın ən müasir inkişaf etmiş 50 ordusu sırasındadır. Ordunun maddi, texniki bazası günü-gündən möhkəmlənir, orduya ayrılan vəsaitlər artırılır, Azərbaycan ordusuna müasir silahların alınma prosesi davam edir. Eyni zamanda, onu da qeyd edim ki, İkinci Qarabağ müharibəsində də Azərbaycan ordusunun yüksək səviyyədə bir döyüş təcrübəsi var və bu döyüş təcrübəsi günbəgün artmaqdadır. Möhtərəm Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan ordusunun gücü, qüvvəsi, imkanları hər dəfə artmaqdadır. Hesab edirəm ki, istənilən vaxt “dəmir yumruq” öz funksiyasını yerinə yetirməyə hazırdır. Çünki Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilib. Azərbaycan işğal altında olan torpaqlarını geri qaytarıb. Möhtərəm Cənab Prezidentin də qeyd etdiyi kimi, artıq Qarabağ problemi tarixə çevrilib. Bu nöqteyi-nəzərdən Azərbaycan ərazisində sülhə və təhlükəsizliyə təhdid olan istənilən hadisələrin qarşısı Azərbaycan ordusu tərəfindən yüksək səviyyədə alınacaq və ölkəmizin ərazi bütövlüyü indi olduğu kimi, bütün zamanlarda da təmin ediləcək”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top